Tanrının öz bəndələrinə lütf və mərhəmətinin ifadəsi olan müqəddəs Qurban bayramı əsrlər boyu insanların həmrəyliyinə, mənəvi saflaşmasına xidmət edib.
NUHÇIXAN xəbər verir ki, avqustun 12-də Qurban bayramı Naxçıvan Muxtar Respublikasında da geniş qeyd edilib. Naxçıvan şəhəri, eləcə də bütün rayonlardakı məscidlərdə bayram namazı qılınıb. Xalqımızın və dövlətimizin əmin-amanlığı, firavanlığı üçün dualar oxunub. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri adından məscidlərdə qurban əti paylanıb.
Müqəddəs bayram günündə xəstələr, ahıllar da yaddan çıxarılmayıb. Naxçıvan Hərbi Hospitalında, Naxçıvan Muxtar Respublikası Ağciyər Xəstəlikləri və Psixi Xəstəliklər Dispanserlərində, Onkoloji və Yoluxucu Xəstəliklər Mərkəzlərində müalicə olunanlara, tənha ahıllara və aztəminatlı ailələrə qurban əti paylanılıb.
Naxçıvan Dövlət Universitetində, “Naxçıvan” Universitetində və Müəllimlər İnstitutunda təhsil alan xarici tələbələr də unudulmayıb.
Əbülfəz Dünyamalıyev