NUHÇIXAN xəbər verir ki, “Araz” Elm-İstehsalat Birliyinin yardımçı tədris təcrübə təsərrüfatında dənli bitkilərin sort sınaqları və rayonlaşdırılması davam etdirilir. Bu il təcrübə sahəsində əkilən Dekalb qarğıdalı sortu məhsuldarlığına görə seçilir.
Hazırda təcrübə sahəsində bir neçə taxıl və qarğıdalı sortları üzərində sınaqlar aparılır. Dekalb qarğıdalı sortu isə digər sortlara görə fərqlənir. Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin mütəxəssisi Əsgər Həsənov bildirir ki, bu sort muxtar respublikanın kontinental iqliminə uyğundur. Həm də bu qarğıdalı sortu digərlərindən fərqli olaraq çox məhsuldardır. Belə ki, muxtar respublika şəraitində dekalb qarğıdalı sortu əkilən sahələrdə vaxtında aqrotexniki tədbirlər aparmaqla hektardan 18-20 ton məhsul götürmək mümkündür.
Mütəxəssis bildirib ki, ailə təsərrüfatı sahibləri və torpaq mülkiyyətçiləri qarğıdalını taxıl sahələrinin yerində əkməklə sahənin növbələşməsini də həyata keçirə bilərlər.
Qeyd edək ki, qarğıdalıdan həm ərzaq məhsulu kimi, həm də heyvanların yemlənməsində istifadə olunması məhsulun bazarlarda satışını asanlaşdırır. Muxtar respublikada fəaliyyət göstərən emal müəssisələri tərəfindən qarğıdalının tədarükü də həyata keçirilir.
Novruz Məmməd