Hərbi hissələrə 10 ton üzüm və 1,5 ton alma təhvil verilib - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Müqəddəs Qurban Bayramı münasibətilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyevin adından Babək rayonunun Nehrəm kəndində fəaliyyət göstərən üzümçülük təsərrüfatında yetişdirilən  10 ton üzüm və 1,5 ton alma Əlahiddə Ümumqoşun Orduya, “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasına, həmçinin Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Alayına və Daxili Qoşunların “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasına təhvil verilib.

Bu münasibətlə keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-mayoru Səhət Həbibbəyli çıxış edərək şəxsi heyəti Müqəddəs Qurban Bayramı münasibətilə təbrik edib, ordumuzun qüdrətindən, xalq ordu birliyindən danışıb.  

Qeyd olunub ki, bu gün ölkəmizdə, o cümlədən onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında ordumuzun daha da möhkəmləndirilməsi işi uğurla davam etdirilir, sərhədlərimizin etibarlı müdafiəsi təmin olunur. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin məqsədyönlü fəaliyyəti nəticəsində  muxtar respublikada xalqla ordu arasında yaranmış qarşılıqlı inam və birlik isə ordu quruculuğu sahəsində yeni nailiyyətlərə aparır.

Vurğulanıb ki, Naxçıvan əhalisinin, idarə və təşkilatların əlamətdar günlərdə, bayramlarda əsgərlərimizi heç vaxt yaddan çıxarmaması, onlara hər cür mənəvi dəstək verməsi artıq ənənə halını alıb. Tonlarla meyvənin  hərbi hissə və birləşmələrə təqdim olunması da bu tədbirlərin davamıdır.

Əlahiddə Ümumqoşun Ordu komandanının müavini,  general-mayor Elman Orucov bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə muxtar respublikada ordu quruculuğu sahəsində kompleks tədbirlər görülür. Hərbi hissələrin maddi-texniki təminatı gücləndirilir, döyüş hazırlığı artırılır, şəxsi heyətin yaşayış şəraiti yaxşılaşdırılır. Bayramlar münasibətilə hərbi hissələrə sovqatların verilməsi isə şəxsi heyət tərəfindən yüksək qarşılanır. Sonda çıxış edənlər yaradılan şəraitə, göstərilən diqqət və qayğıya görə minnətdarlıq ediblər.

Sonra  üzüm və alma məhsulları hərbi hissələrə təhvil verilib.

 

                                                                                  Cavid Səfərli

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: