Qanunsuz olaraq Bakı şəhərinə satış məqsədilə aparılan 100 blok siqaret aşkar edilərək götürülüb - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Hava Nəqliyyatında Polis Şöbəsinin və Naxçıvan Beynəlxalq Hava Limanı Təhlükəsizlik Xidmətinin əməkdaşları qanunsuz olaraq Bakı şəhərinə satış məqsədilə aparılan siqaret aşkar ediblər.
Avqustun 14-də Naxçıvan Beynəlxalq Hava Limanında həyata keçirilən birgə tədbirlər zamanı 256 saylı Naxçıvan-Bakı reysi ilə Bakı şəhərinə getmək istəyən Babək rayonunun Nehrəm kənd sakini 1973-cü il təvəllüdlü Məmmədov Mübariz Allahverdi oğlu hava limanında saxlanılıb. Ondan satmaq məqsədilə Bakı şəhərinə aparmaq istədiyi plazma televizorların qutularında gizlətdiyi və dəyəri 850 manat olan 100 blok “VANT” siqareti aşkar edilərək götürülüb.
Qeyd edək ki, Məmmədov Mübariz Allahverdi oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyi üçün barəsində inzibati araşdırma aparılır.
Vüsal Muradov