Muxtar respublikada keyfiyyət standartlarına nəzarət olunur

A- A A+

Naxçıvan Muxtar Respublikası Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi 2019-cu ilin iyul ayında yerli məhsulların daxili və xarici bazarlarda rəqabətədavamlı olması üçün keyfiyyət standartlarına əməl edilməsinə nəzarət işini, o cümlədən təsərrüfat subyektlərinin istehsal-xidmət şəraitinin və məhsul göstəricilərinin standartların tələblərinə uyğunluğunu diqqətdə saxlayıb, məhsul nümunələrinin 207, qida məhsullarının 181 halda keyfiyyət göstəricilərinin yoxlanılması təmin olunub.

NUHÇIXAN xəbər verir ki, yerli istehsal məhsullarının keyfiyyətinin qorunması məqsədilə 83 qida istehsalı müəssisəsində, 74 ictimai iaşə və xidmət sahəsində, 50 bərbərxana və 36 gözəllik salonunda maarifləndirmə xarakterli baxış və monitorinqlər aparılıb, aşkar olunmuş çatışmazlıqların aradan qaldırılması təmin edilib. Məhsulların sertifikatlaşdırılmasına dair elektron xidmət vasitəsilə daxil olmuş 15 müraciət operativ icra olunub.

Meyvə-tərəvəz və onlardan hazırlanmış məhsulların keyfiyyətinin nəzarətdə saxlanılması işi çərçivəsində məhsulların 25 halda keyfiyyət göstəriciləri yoxlanıldıqdan sonra sertifikatlaşdırılıb, 3 anbardan, 4 satış obyektindən və 21 bostandan götürülmüş məhsulların 28 halda laboratoriya analizləri aparılaraq keyfiyyət göstəricilərinin standartların tələblərinə uyğun olduğu müəyyən edilib. Uşaq bağçalarının, məktəblərin, xəstəxanaların və digər təhsil və səhiyyə müəssisələrinin yerli məhsullarla təmin edilməsi və alınan qida məhsullarının keyfiyyətinin müntəzəm nəzarətdə saxlanılması istiqamətində 18 bufet və yeməkxanada monitorinqlər və yerli məhsullarla təminatın üstünlüyü barədə maarifləndirici tədbirlər aparılıb.

Muxtar respublikada istehsal edilən arıçılıq məhsullarının, arıçılıq təsərrüfatlarında istifadə olunan avadanlıqların sertifikatlaşdırılması tədbirinin icrası istiqamətində bal məhsullarının 4 halda laboratoriya analizləri aparılaraq, saxarozanın həddinə dair məlumatlar təsərrüfatlara çatdırılıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 18 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında ailə təsərrüfatlarının inkişafı ilə bağlı Tədbirlər Planı” üzrə “Naxçıvan qovurması”nın istehsalının genişləndirilməsi, kiçikhəcmli taralarda qablaşdırılması və ixracının dəstəklənməsi, meyvə və tərəvəzlərin, bostan məhsullarının qurudulması, qablaşdırılması, etiketlənməsi tədbirlərinin icrası çərçivəsində 2 ailə təsərrüfatına məhsulların etiketlərinin hazırlanmasında müvafiq köməklik göstərilib. Ailə təsərrüfatı məhsullarının keyfiyyətinə nəzarət olunması üçün məhsullardan 51 halda nümunələr götürülərək laboratoriyaya verilib, sınaq nəticələrinin standartların tələblərinə uyğun olduğu müəyyən edilib.

Fövqəladə Hallar Nazirliyinin və Dövlət Gömrük Komitəsinin nümayəndələri ilə birgə muxtar respublikada fəaliyyət göstərən 15 təsərrüfat subyektində müşahidə xarakterli təkrar monitorinqlər aparılıb, 12 məişət qaz cihazına baxış keçirilib, təhlükəsizliyi təmin olunmayan qaz cihazlarının idxalına və satışına icazə verilməyib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: