Muxtar respublikada fövqəladə hallara hazırlıq diqqətdə saxlanılır

A- A A+

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi muxtar respublikada mülki müdafiə, əhalinin və ərazilərin fövqəladə hallardan qоrunması, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması istiqamətində qarşıya qоyulmuş vəzifələrin icrasını iyul ayında da davam etdirib.

NUHÇIXAN xəbər verir ki, ötən ay muxtar respublikanın Şərur, Ordubad, Culfa və Sədərək rayonlarında 28 obyektin fövqəladə hallara hazırlıq vəziyyətinə baxış keçirilib. Səkkiz təhlükə pоtensiallı оbyektdə texniki təhlükəsizliyə əməl olunması yоxlanılıb, 6 müəssisədə 41 texnoloji nəqliyyat vasitəsi dövlət qeydiyyatına alınıb, 3 müəssisədə 12 texniki qurğu sınaqdan keçirilərək texniki təhlükəsizlik sertifikatı ilə təmin edilib, 4 müəssisədə 112 işçinin iştirakı ilə texniki təhlükəsizliyin təmin olunması üzrə maarifləndirmə işi aparılıb.

Naxçıvan şəhərindəki Heydər Əliyev prospekti, 37 nömrəli ictimai yaşayış binasında quraşdırılmış köhnə liftlərin sökülməsi və yeniləri ilə əvəzlənməsi zamanı təhlükəsizlik tədbirlərinə əməl olunmasına nəzarət edilib. Muxtar respublikada radiasiya təhlükəsizliyinin təmin edilməsi məqsədilə 6 tibb müəssisəsində və Heydərabad Su Monitorinq Laboratoriyasında yoxlamalar aparılıb, tibb müəssisələri radioloji-gigiyenik pasportlarla təmin edilib.

Mülki müdafiə işinin təşkili ilə bağlı Naxçıvan Qaz-Turbin Elektrik Stansiyasında əməli məşğələ, Naxçıvan Beynəlxalq Hava Limanında xüsusi taktiki təlim keçirilib, Naxçıvan Muxtar Respublikasının mülki müdafiə və əhalinin mühafizəsi planı 13 mərkəzi icra hakimiyyəti orqanı ilə dəqiqləşdirilib. Yeddi kateqoriya üzrə 109 rəhbər, komandir-rəis heyətinin mülki müdafiəyə və fövqəladə hallara hazırlanması təmin edilib, 22 obyektdə 613 nəfərin iştirakı ilə maarifləndirici tədbir, 15 obyektdə mülki müdafiə qüvvələrinin 573 nəfər şəxsi heyəti ilə qrup məşğələsi keçirilib.

Muxtar respublika ərazisində yanğın təhlükəsizliyinin etibarlı təmin olunması məqsədilə 141 obyektdə diqqətli, 176 obyektdə nəzəri, 11 obyektdə məqsədli yoxlamalar, 31 obyektdə yanğına qarşı maarifləndirici tədbirlər təşkil edilib.

Taxıl biçini dövründə yanğın təhlükəsizliyinin təmin olunması, sahələrin biçindən sonra yandırılmaması istiqamətində qabaqlayıcı tədbirlər görülüb, intensiv biçin aparılan yerlərdə yanğından mühafizə bölmələri 11 yanğınsöndürmə avtomobili vasitəsilə xidmət aparıb, kоmbaynların yanında gündəlik patrullar təyin olunub.

Daşınmaz əmlakın icbari sığortası ilə bağlı sahibkarlıq subyektlərində izahat işləri aparılaraq, ümumilikdə, 92 obyektin icbari sığortalanması təmin edilib. Tikintidə təhlükəsizliyə nəzarət diqqət mərkəzində saxlanılaraq Naxçıvan şəhərində yeni inşa olunan 4 yaşayış binasının işçi layihə sənədlərinə ekspertiza rəyi verilib, 1 inzibati binanın tikintisi ilə bağlı ərazidə mühəndis-geoloji kəşfiyyat işləri aparılıb. Tikinti və yenidənqurma işləri aparılan 34 obyektə baxış keçirilərək norma, qayda və standartlara uyğun aparılması nəzarətdə saxlanıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: