Payızlıq taxıl əkinlərinin aqrotexniki qaydalara uyğun aparılması müzakirə olunub

A- A A+

NUHÇIXAN xəbər verir ki, avqustun 16-da Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetində beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin onuncu sessiyasında verilmiş tapşırıqlarla əlaqədar muxtar respublikada 2020-ci ilin məhsulu üçün payızlıq taxıl əkinlərinin aqrotexniki qaydalara uyğun aparılması və hazırlıq işlərinin görülməsinə həsr olunmuş müşavirə keçirilib.

Aid nazirlik və idarələrin nümayəndələrinin, rayon, şəhər icra hakimiyyəti başçılarının müavinlərinin iştirak etdiyi müşavirədə Naxçıvan Muxtar Respublikası Baş nazirinin birinci müavini Elşad Əliyev çıxış edib.

Qeyd olunub ki, bitkiçiliyin inkişafı istiqamətində aparılan məqsədyönlü tədbirlərin nəticəsində 2019-cu ilin məhsulu üçün əkilmiş 33 min 308 hektar taxıl sahəsindən 102 min 984 ton məhsul tədarük edilib, məhsuldarlıq orta hesabla hər hektarda 30,9 sentner olub.

Hazırda muxtar respublikada taxılçılıqla məşğul olan sahibkarları keyfiyyətli toxumla təmin etmək üçün “Bərəkət Toxumçuluq” Məhdud Məsuliyyətli Cəmiyyəti və akademik Həsən Əliyev adına “Araz” Elm İstehsalat Birliyinin yardımçı təsərrüfatı fəaliyyət göstərir.

Elşad Əliyev bildirib ki, 2020-ci ilin məhsulu üçün cari ilin payızında muxtar respublikada 32 min hektar sahədə şum aparılaraq taxıl əkini keçirilməsi nəzərdə tutulur. Payızlıq taxıl əkini ilə əlaqədar şum və səpin aparmaq üçün 1032 təkərli, 99 tırtıllı, 115 taxılsəpən, 33 toxum təmizləyən, 430 kotan, 296 lafet, 22 çizel və şırımaçan texnika saz vəziyyətə gətirilib.

Cari ildə bütün taxıl sahələrinin şırım üsulu ilə əkilməsi nəzərdə tutulur. Bu məqsədlə aqrolizinqdə 6 və fiziki şəxslərdə olan 18 taxılsəpənə şırımaçan aqreqatlar qoşulub.

Payızlıq taxıl əkininin aparılması üçün muxtar respublikanın torpaq mülkiyyətçilərinə 5000-5500 ton toxum tələb olunur. Tələb olunan toxum “Bərəkət Toxumçuluq” təsərrüfatında və “Araz” Elm İstehsalat Birliyinin yardımçı təsərrüfatında və torpaq mülkiyyətçilərinin özlərində mövcuddur.

Bundan əlavə Azərbaycanın digər rayonlarının toxumçuluq təsərrüfatlarından muxtar respublikanın torpaq iqlim şəraitinə uyğun elit və 1-ci reproduksiyalı buğda və arpa toxumları gətiriləcək.

Hazırda “Bərəkət Toxumçuluq” təsərrüfatında 600 ton, “Araz” Elm İstehsalat Birliyinin yardımçı təsərrüfatında 100 ton yüksəkkeyfiyyətli buğda və arpa toxumları mövcuddur. Toxumların satışı “Bərəkət Toxumçuluq” təsərrüfatı tərəfindən həyata keçiriləcək.

Muxtar respublikanın əkinçilik tarixində dəmyə əkinçiliyinin özünəməxsus yeri vardır,- deyən Elşad Əliyev bildirib ki, ötən əsrin 40-50-ci illərində muxtar respublikanın rayonlarında dəmyə şəraitində taxıl və noxud əkilərək yüksək nəticələr alınıb. Bu il Şahbuz, Culfa, Babək və Ordubad rayonlarının dağlıq və dağətəyi ərazilərində əkilmiş 5781 hektar dəmyə əkinlərindən yüksək məhsul əldə olunub.

Elşad Əliyev vurğulayıb ki, “Ailə təsərrüfatları” ili elan olunmuş 2019-cu ildə beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin onuncu sessiyasında verilmiş tapşırıqların icrası üçün səylə çalışacağıq.

Müşavirədə kənd təsərrüfatı naziri Bəhruz Bayramov bildirib ki, bu il taxıl biçininin vaxtında və itkisiz aparılması üçün operativ qərargah yaradılıb, qərargaha təcrübəli mütəxəssislər rəhbərlik ediblər. Biçin dövrü qərargah rayon və şəhər icra hakimiyyəti, “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti və texniki servis göstərən sahibkar və ailə təsərrüfatı başçıları ilə koordinasiyalı fəaliyyət göstəriblər. Nəticədə biçin kampaniyası qısa müddət ərzində başa çatdırılıb.

Mütərəqqi əkin metodlarından istifadə olunması, məhsuldarlığın artırılması istiqamətində elmi tədbirlərin görülməsi diqqət mərkəzində saxalnılıb,- deyən Bəhruz Bayramov qeyd edib ki, akademik Həsən Əliyev adına “Araz” Elm İstehsalat Birliyinə, Toxumçuluq və Bitkilərin Mühafizəsi İdarəsinə yeni inzibati binanın, toxumçuluq və aqrokimya laboratoriyasının tikilib istifadəyə verilməsi əkinçiliyin elmi sürətdə həyata keçirilməsinə zəmin yaradıb.

“Bərəkət Toxumçuluq” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Cəfər Müzəffərov qeyd edib ki, təsərrüfatda əkinlərin yüksək səviyyədə keçirilməsi və istehsal olunan məhsulun keyfiyyətli toxum materialına çevrilməsi üçün maddi-texniki bazanın daim yaxşılaşdırılması ilə yanaşı sahələrin suvarılmasının təkmilləşdirilməsi məqsədilə 1023 hektar sahədə qapalı suvarma sistemləri tikilərək istifadəyə verilib. 2018-ci ilin payızında 2019-cu ilin məhsulu üçün 1037 hektar sahədə taxıl əkini aparılıb, 2500 tona yaxın məhsul istehsal olunub. İndiyədək 600 ton toxum vim aqreqatından keçirilərək dərmanlanıb və yüksək keyfiyyətlə toxum materialı paketlənərək satışa hazırdır. 2020-ci ilin məhsulu üçün 600 hektar sahədə şum qaldırılıb. Şumun aparılması, toxumun təmizlənməsi və dərmanlanması davam etdirilir. 

Müşavirədə aid qurumların rəhbərləri və icra hakimiyyəti başçılarının müavinləri payızlıq taxıl əkinlərinə hazırlığın gedişi barədə  məlumat veriblər.

Müşavirəyə Naxçıvan Muxtar Respublikası Baş nazirinin birinci müavini Elşad Əliyev yekun vuraraq payızlıq taxıl əkinlərinin aqrotexniki qaydalara uyğun aparılması üçün qarşıda duran vəzifələrdən danışıb.  

 

                                     Əbülfəz Dünyamalıyev

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: