Şərur rayonunda kompleks quruculuq işləri aparılır

A- A A+

Muxtar respublikanın digər bölgələrində olduğu kimi Şərur rayonunda da hər il kompleks quruculuq və abadlıq işləri həyata keçirilir, istehsal və xidmət sahələrinin, təhsil ocaqlarının tikintisi və digər infrastrukturların yenilənməsi diqqət mərkəzində saxlanılır. NUHÇIXAN xəbər verir ki, hazırda Şərur şəhərində Mədəniyyət Sarayının, “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyətinin Şərur rayon filialı üçün binanın və təqaüdçülər klubunun əsaslı təmiri və yenidən qurulması davam etdirilir. 

Həmçinin altımərtəbəli 40 mənzilli müasir yaşayış binasında tikinti işləri aparılır. 2, 3 və 4 otaqlı mənzillərdən ibarət olan binada dəmir-beton işləri görülür.

Eyni zamanda Şərur şəhərindəki Heydər Əliyev prospektini və altı küçəni əhatə edən 11 kilometrlik avtomobil yolu yenidən qurulur.

Hazırda rayonun digər yaşayış məntəqələri ilə yanaşı Muğancıq Mehrab kəndində də kompleks-quruculuq işləri həyata keçirilir. Kənddəki köhnə məktəb binası yararsız olduğundan əsaslı şəkildə yenidən qurulur. 224 şagird yerlik olacaq binanın qapı və pəncərələri, döşəməsi, elektrik və rabitə xətləri, dam örtüyü yenilənib, alçı, suvaq işləri yekunlaşdırılıb.

Kənddə həmçinin kənd mərkəzi də inşa olunur. İnşaatçılar tikinti işlərini davam etdirirlər. Mərkəz istifadəyə verildikdən sonra burada icra nümayəndəliyi, bələdiyyə və digər təşkilatlar üçün müasir iş şəraiti yaradılacaq.

Muğancıq Mehrabda inşa olunan xidmət mərkəzində də tikinti işləri davam etdirilir. Yaxın zamanda istifadəyə veriləcək xidmət mərkəzi kənd sakinlərinin rahatlığını təmin edəcək.

Rayonun abadlaşan digər bir yaşayış məntəqəsi isə Yuxarı Havuş kəndidir ki, burada da kompleks quruculuq işləri aparılır. Eyni zamanda kənd sakinlərinin, o cümlədən gələn qonaq və turistlərin istirahətlərini səmərəli keçirmələri üçün istrirahət guşələri yaradılıb.

 

                     Arzu Sadiqov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: