Muxtar respublikada bu ilin 6 ayı ərzində 250 minə yaxın rabitə və kommunal ödəniş haqları onlayn olaraq ödənilib
Son illər İnformasiya Kommunikasiya Texnologiyaları sahəsində əldə olunan nailiyyətlər elektron xidmətlərin inkişafına geniş imkanlar yaradıb. Kommunal ödənişləri həyata keçirmək üçün muxtar respublikada fəaliyyət göstərən ödəmə terminalları əhalinin işini xeyli asanlaşdırıb. NUHÇIXAN xəbər verir ki, məhz bunun nəticəsidir ki, bu ilin 6 ayı ərzində 1 milyon 200 minə yaxın rabitə və kommunal ödəniş haqları həyata keçirilib ki, onlardan 250 minə yaxını onlayn olaraq ödənilib.
Muxtar respublikada onlayn ödəniş sistemi 2013-cü ilin sentyabr ayından həyata keçirilməyə başlayıb. Bu sistem vasitəsilə qaz, işıq, su və rabitə haqlarını ödəmək mümkündür. Naxçıvan şəhərində fəaliyyət göstərən ticarət mərkəzləri, marketlər və bir çox ictimai yerlərdə Naxçıvan Bankın onlayn ödəniş köşkləri də quraşdırılıb ki, burada sakinlər günün istənilən vaxtında rabitə və kommunal ödəniş haqlarını rahat şəkildə ödəyə bilərlər. Onlayn ödəniş sistemi sakinlərin rahatlığının təmin edilməsində mühüm əhəmiyyət kəsb edir.
Qeyd edək ki, onlayn ödəniş sisteminin tətbiq olunması müasir elektron ödəniş fəaliyyətlərindən və bank texnologiyalarından istifadənin genişləndirilməsini təmin edir, elektron ticarətin inkişafını sürətləndirir və nağdsız dövriyyənin xüsusi çəkisini artırmaqla nağd pula tələbi azaldır.
Cavid Səfərli