Yay mövsümündə hazırlanan çərəzlər - FOTOLAR

A- A A+

Miyanpur


Bu çərəz növündən Ordubad rayonunda ta qədimdən məşğul olublar.  Əsasən ərik və şaftalıdan hazırlanır. Çəyirdəyi çıxarılaraq qurudulmuş meyvənin içərisinə çəviz, badam və ya şirindirsə həmin meyvələrin ləpəsi qoyulur. Bundan sonra ağzı örtülsün deyə açıq hissə əllə möhkəmcə sıxılır. Miyanpur qurusun deyə bundan sonra sapa düzülərək üzərinə tənzif keçirilir və göydən asılır. 
Miyanpurun müalicəvi əhəmiyyəti çoxdur. Xalq təbabətində miyanpurdan ümumi zəifliyin, başgicəllənmənin, qanazlığının qarşısını almaq üçün müalicə vasitəsi kimi istifadə edilir. 

Alana


Alananı əsasən şaftalının “Nazlı” növündən və armudun “Şəkəri” sortundan hazırlayırlar. Alananı hazırlamaq üçün lazım olan meyvələr dərilərək yuyulur. Daha sonra qabığı soyularaq təmiz bir yerə düzüb 5-6 gün gözləmək lazımdır ki, meyvənin içərisindəki su çəkilsin. Bundan sonra həmin meyvə saplağı tərəfindən dairəvi kəsilir və onun içərisindəki dənə çıxarılaraq yenidən bir gün günəş altında qurudulur. Bu müddətdə içlik də hazırlamaq lazımdır. İçliyi hazırlamaq üçün çəviz ləpəsi ət maşınının  gözündən keçirilir. Çəkilmiş çəvizə şəkər tozu əlavə edilərək qarışdırılır. İçlik tamlı olsun deyə ona bir-iki çimdik vanilin tozu da əlavə etmək lazımdır. Hazır içlik qurudulmuş meyvənin içinə doldurulur. Bu zaman  əvvəlcədən dairəvi formada kəsib götürülmüş hissə doldurulmuş alananın üzərinə qapaq kimi qoyulur və təbənə ilə sapdan keçirilir. Təxminən 20-30 alana sapa düzüldükdən sonra iplər bir-birinə düyünlənərək üzərinə tənzif keçirilir və  qurumaq üçün asılır. 


   
Nəzakət Kərimova 
“El həyatı” qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: