Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən xəbərə görə, Dövlət Tikintidə Təhlükəsizliyə Nəzarət İdarəsi tərəfindən tikintidə təhlükəsizliyin təmin olunması istiqamətində maarifləndirici tədbirlər davam etdir. Maarifləndirmə tədbirinin məqsədi beton zavodlarda və qum-daş karxanalarda operatorlar, laborantlar və bu sahə üzrə məsul cavabdeh icraçılar tərəfindən beton istehsalı zamanı betonun tərkibindəki doldurucuların miqdarına, keyfiyyətinə və mütəmadi sınaqlarının aparılmasına nəzarətin gücləndirilməsindən ibarətdir.
Bu məqsədlə İdarənin mühəndis-geoloji, beton və sement laboratoriyası tərəfindən Gəmiqaya Beton Məmulatları Kompleksi Məhdud Məsuliyyətli Cəmiyyəti, Naxçıvan şəhər Abadlıq Təmir və Tikinti İdarəsinin qum-çınqıl karxanası, Dizayn Beton Məmulatları Kompleksi Məhdud Məsuliyyətli Cəmiyyəti, Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin qum-çınqıl karxanası və Cahan Beton Məmulatları Kompleksi Məhdud Məsuliyyətli Cəmiyyətində dövlət nəzarəti həyata keçirilib, maarifləndirici söhbətlər aparılıb və istehsal olunan tikinti materiallarından nümunələr seçilərək yoxlanılıb.