Biçindən sonra taxıl sahələrini yandırmaq olmaz 

A- A A+

Artıq bir neçə vaxtdır ki, muxtar respublika ərazisində taxıl biçini başa çatıb. Fövqəladə Hallar Nazirliyi tərəfindən bu il də ot-taxıl biçini dövründə yanğın təhlükəsizliyi tədbirlərinin həyata keçirilməsi sayəsində taxıl zəmilərində yanğın hadisələri baş verməyib.Taxıl sahələrinin yandırılması hallarına qarşı maarifləndirici tədbirlər görülsə də bəzi fermerlər və torpaq mülkiyyətçiləri tərəfindən biçilmiş sahələrin yandırılması hallarına yol verilir.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a  bildirilib ki, taxıl sahələrinin biçindən sonra yandırılması isə torpaqdakı üzvi maddələrin itirilməsinə, torpaq mikroflorasının məhv edilməsinə, bütövlükdə torpaq münbitliyinin kəskin surətdə azalmasına səbəb olur. Eyni zamanda, növbəti ildə həmin sahədə becəriləcək bitkilərin məhsuldarlığını 20-30 faiz azaldır, fermer həmin sahədən əvvəlki ilə nisbətən daha az məhsul götürür.

Taxıl sahələrinin biçindən sonra yandırılması həm ekoloji baxımdan, həm aqrotexniki qaydalar baxımından zərərlidir. Biçindən sonra əkin sahələrini yandıran fermerlər və torpaq mülkiyyətçiləri bu əməli törətməklə qanunvericilikdə müəyyən edilmiş qaydada inzibati məsuliyyət daşıyırlar. Artıq ötən ildən “Torpaqların münbitliyi haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə edilmiş dəyişikliyə əsasən, əkin yerlərinin yandırılması qadağan edilib. Bu qadağanın tətbiqində məqsəd əkinəyararlı torpaq sahələrinin münbitliyini qorumaq, ekoloji mühitə vurulan zərərin qarşısını almaq, kənd təsərrüfatında məhsuldarlığı yüksəltməkdir. Qeyd etmək istəyirik ki, İnzibati Xətalar Məcəlləsinə yeni əlavə edilmiş 244-1-ci maddəyə əsasən əkin yerini yandıran fiziki şəxslər 400 manatdan 600 manata, vəzifəli şəxslər 1500 manatdan 2000 manata, hüquqi şəxslər isə 5000 manatdan 6000 manatadək məbləğdə cərimə oluna bilər. 

Əlavə olaraq qeyd etmək istəyirik ki, artıq torpaq mülkiyyətçiləri, fermerlər və kənd sakinləri qışa tədarüklə bağlı sahələrdən mal-qara üçün yem ehtiyatı yaradır, ot-saman tayaları yığırlar. Ot-saman tayalarını yığarkən onları evin çardağına və elektrik xətlərinin altına yığmaq  yolverilməzdir. Ot-saman tayaları xüsusi ayrılmış yerlərdə yerləşdirilməli, ətrafı çəpərlənməlidir. Tayanın ətrafında və yaxınlığında tonqal qalamaq, siqaret çəkmək və açıq oddan istifadə etmək yanğın təhlükəsi yaradır. 

Fövqəladə Hallar Nazirliyi bir daha torpaq mülkiyyətçilərinə, fermerlərə və kənd sakinlərinə müraciət edərək bildirir ki, yuxarıda qeyd olunan tövsiyələrə ciddi riayət olunsun. Hər hansı bir yanğın təhlükəsi ilə üzləşdikdə dərhal Fövqəladə Hallar Nazirliyinin «112» qaynar telefon xəttinə və ya Dövlət Yanğın Təhlükəsizliyi şöbələrinin «101» xidmətinə məlumat verilsin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: