Alimlər nəhəng zəlzələlərin necə başlanmasını araşdırıblar

A- A A+

Alimlər bəyan edirlər ki, irimiqyaslı zəlzələlər barədə əksər hallarda qabaqcadan xəbər tutmaq mümkündür. Onların tədqiqatları sübut edib ki, fəlakətlərin başlanğıcı kiçik zəlzələlərdir (forşoklardır). Bəzən bu zəlzələlər əsas hadisədən hətta bir neçə həftə əvvəl başlayır.

Seysmoloq Daniel Truqmanın tədqiqatında deyilir: “Zəlzələlərin seysmologiyasında ən əsas məsələlərdən biri onların necə başlanmasıdır. Biz aşkar etdik ki, zəlzələlərin əksəriyyətindən əvvəl forşoklar baş verir. Biz bunları müasir texnikanın köməyi ilə müşahidə edə bilərik”.

NUHÇIXAN “vesti.ru” saytına istinadla xəbər verir ki, alimlər əvvəllər baş verən bütün mülayim zəlzələlərin yarısından qabaq daha kiçiklərinin baş verməsini qeyd ediblər. Lakin Cənubi Kaliforniyada 2008-ci və 2017-ci illər arasında olan dövrdə 4 bal maqnitudalı zəlzələlərin yeni tədqiqatı göstərib ki, onların azı 72 faizindən əvvəl daha az nəzərəçarpan zəlzələlər baş verib.

“Forşokların yüksək aktivliyi Cənubi Kaliforniyada geniş yayılıb”, - deyə tədqiqatın müəllifləri qeyd edirlər.

Tədqiqatın Kaliforniya Texnoloji Universitetindən olan həmmüəllifi Zaxari Ross yeni nəticələri belə şərh edir: “Bu, heyrətamizdir. Zəlzələlərin qanunauyğunluqlarının başa düşülməsindən ötrü bu, çox mühümdür”, - deyə ekspert əlavə edib.

Tədqiqata görə, ardıcıl forşoklar haradasa əsas zəlzələyə 3-35 gün qalmış başlaya bilər.

Lakin zəlzələlərin necə inkişaf etməsini başa düşmək alimlərə təkrar təkanların proqnozlaşdırılmasında kömək ola bilər. Müvafiq olaraq, bu, insanlar üçün potensial riski daha yaxşı dəyərləndirməyə yardım edərdi.

“Biz statistik xarakter daşıyan proqnozlaşdırmalara doğru məqsədyönlü şəkildə hərəkət edirik”, - deyə Truqman yazır.

Rossun sözlərinə görə, bu kəşf, həmçinin zəlzələlər haqqında qabaqcadan xəbərdarlıq sisteminin işini sürətləndirməyə kömək edə bilər. “Mikrotitrəyişləri” qeydə alan və onların dinamikasını izləyən kompüterlər nəticələri hesablaya və zərurət yarandığı halda yaxınlaşan fəlakət barədə daha tez xəbər verə bilər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: