NUHÇIXAN xəbər verir ki, dünyanın məşhur aviaşirkəti olan Türk Hava Yolları öz səhifəsində Naxçıvan istiqamətində həyata keçirilən uçuşlarla bağlı 3 dildə (türk, ingilis, rus) məlumat yerləşdirib. Məlumatda o da qeyd olunur ki, Türkiyə ilə həmsərhəd yeganə Azərbaycan torpağı olan Naxçıvan Muxtar Respublikası Araz çayının sahilində tarixi bir ərazidir. Burada Xan Sarayı, Xalça Muzeyi və digər muzeylər, Möminə xatın türbəsi və Nuh peyğəmbərin məzarüstü türbəsi kimi son dərəcə önəmli əsərlər var. Yerin 180 metr dərinliyində yerləşən Duzdağ Fizioterapiya Mərkəzi sovet dönəmindən bu yana şəfa axtaran astma-bronxit xəstələrinin ən çox müraciət etdiyi məkandır. Mineral bulaqları, narzanları və duz kimi zəngin təbii ehtiyatları olan Naxçıvan hər kəsi sağlam həyata çağırır. Bundan başqa Naxçıvan şəhərinin yaxınlığındakı tarixi abidələr və turizm obyektləri, otellər, hava limanından şəhərə getmək üçün taksi xidmətləri, marşrutlar haqqında da qısa məlumatlar verilib.
Saytda müştərilərə onlayn qaydada Naxçıvana bir və ikitərəfli bilet satışı da təklif olunur.