Cəbrayılsız keçən 26 il...

A- A A+

Avqustun 23-də Cəbrayıl rayonunun erməni silahlı qüvvələri tərəfindən işğalının 26-cı ili tamam olur.

NUHÇIXAN xəbər verir ki, 1993-cü il avqustun 23-də Ermənistan silahlı birləşmələri bir şəhər, 4 qəsəbə və 92 kəndi olan Cəbrayıl rayonunu işğal ediblər. Rayonda olan 72 ümumtəhsil, 1 peşə məktəbi, 8 xəstəxana, 5 məscid, 129 tarixi abidə, 2 muzey, 149 mədəniyyət ocağı, 14 mindən çox daşınmaz əmlak işğal altında qalaraq talan edilib, dağıdılıb, yandırılıb. Rayonun 52 min 604 nəfər əhalisi öz doğma yurdundan didərgin salınıb. Müharibə zamanı 392 nəfər cəbrayıllı şəhid olub, 6 nəfər Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Cəbrayılın təbiəti erməni vəhşiliyinin qurbanına çevrilib

Cəbrayıl rayonu Kiçik Qafqaz dağlarının cənub-şərqində, Araz çayının sol sahilində yerləşir. Cənub tərəfdən İran İslam Respublikası, cənub-qərbdən Zəngilan, qərbdən Qubadlı, şimaldan Xocavənd, şərqdən isə Füzuli rayonları ilə həmsərhəddir.

Sahəsi 104 min 980 hektar olan Cəbrayıl rayonu mişar daşı, gil, vulkan külü, əhəngdaşı, qum-çınqıl qarışığı və xalsedon yataqları ilə zəngindir.

Cəbrayıl rayonunda geniş sahələri əhatə edən qiymətli ağac növlərindən ibarət meşələr, böyük ehtiyata malik yeraltı sərvətlər, özünün qeyri-adi flora və faunası ilə seçilən Diridağın özünəməxsus əsrarəngiz təbiət guşələri, mineral maddələrlə zəngin su mənbələri erməni işğalçıları tərəfindən dağıdılıb və məhv edilib. Karxulu kəndindəki yaşıllıqlardan əsər-əlamət qalmayıb, yol kənarlarında olan qoz və digər qiymətli ağaclar, eləcə də Cəbrayıl şəhərindəki 800 il yaşı olan və təbiət abidəsi kimi qorunan və “Xan çinarı” adlandırılan Şərq çinarı ağacı kəsilərək məhv edilib. Araz çayı vadisindəki bütün ağaclar yandırılıb. Həmçinin çoxyaşlı iridiametrli qoz ağacları material kimi doğranaraq müxtəlif məqsədlər üçün Ermənistana daşınır və xaricə satılır.

Cəbrayılın əsir abidələri

Rayon tarixi, mədəniyyət və memarlıq abidələri, daş üzərində süjet xarakterli oymalar, mağara, kurqan tipli abidələr, çoxlu sayda qəbirüstü abidələr, qoç fiqurları, məişət və digər əşyalar, 11 və 15 aşırımlı körpülər, gümbəzlərlə zəngindir.

Cəbrayıl şəhərində Ağoğlan nekropolu (ilk orta əsrlər), Sirik kəndində Qala bürcü (V-VI əsrlər), Xələfli qəsəbəsində Qız qalası (XII əsr), Qalacıq, Mahmudlu, Karxulu, Şıxlar, Qışlaq, Hovuslu, Horovlu kəndlərində tunc və ilk dəmir dövrünə aid kurqanlar və yaşayış yerləri, Dağ Tumas kəndində Divlər sarayı, Tatar kəndində Siklop tikililəri (b.e.ə. III minillik), Şıxlar kəndində Şəhərşik qalıqları və Qışlaq yerləri (b.e.ə. II minillik), Qumlaq kəndində 11 və 15 aşırımlı Xudafərin körpüləri (b.e.ə. V əsr və b.e.ə.VII əsr), Xələfli qəsəbəsində Başıkəsik günbəz (XIII-XIV əsrlər), həmçinin kəhrizlər (b.e.ə. I əsr), ərəb yazıları ilə qoyun abidəsi (XV əsr), çoxlu türbələr, XVI və XIX əsrlərə aid məscidlər 26 ildir ki, erməni vəhşiliyinin qurbanına çevrilib.

Cəbrayıllı məcburi köçkünlər dövlətin hərtərəfli qayğısı ilə əhatə olunub

Hazırda Cəbrayıl əhalisi respublikanın 54 şəhər və rayonunda müvəqqəti məskunlaşıb. Cəbrayıllı məcburi köçkünlər üçün Biləsuvar rayonu ərazisində 4456 evdən ibarət 11 qəsəbə salınıb. Həmin qəsəbələrdə müasir tipli hər biri 280 yerlik 11 məktəb, hər biri 50 yerlik 11 uşaq bağçası, 11 klub, 11 rabitə evi, 5 feldşer-mama məntəqəsi, 5 həkim ambulatoriyası, 50 çarpayılıq 1 ədəd sahə xəstəxanası, qəsəbə nümayəndəlikləri, baytarlıq idarəsi, 3 qəsəbədə yanğından mühafizə idarəsi üçün binalar tikilib, 624, 256, 272 tutumlu 3 ədəd Elektron ATS, 400 mantaj tutumu olan genişzolaqlı internet şəbəkə və digər infrastruktur obyektləri istifadəyə verilib. Qəsəbələrdəki evlər içməli su və təbii qazla təmin edilib.

Dövlətin hərtərəfli qayğısı ilə əhatə olunsalar da, cəbrayıllıların ən böyük arzusu doğma yurdlarına qayıtmaqdır. Bu günü səbirsizliklə gözləyən cəbrayıllı məcburi köçkünlər Vətən niskili, doğma yurd həsrəti yaşayırlar.

Böyük qayıdışın başlanğıcı

Cəbrayıl rayonunun işğaldan azad edilən yeganə yaşayış məntəqəsi olan Cocuq Mərcanlı isə 24 ildən sonra öz doğma sakinlərini yenidən qoynuna aldı.

2016-cı ilin aprel döyüşləri zamanı Prezident, Ali Baş komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusu növbəti qələbə qazandı. Lələtəpə yüksəkliyinin işğaldan azad edilməsi ilə Cocuq Mərcanlının təhlükəsizliyi təmin olundu. Dövlət başçısının sərəncamları ilə Cocuq Mərcanlı kəndi yenidən quruldu və kənd sakinlərinin doğma yurda qayıdışı başlandı. Cocuq Mərcanlı uzun illərdir yurd həsrəti ilə yaşayan soydaşlarımızın doğma torpaqlarına qaytarıldığı ilk yaşayış yeri kimi tarixə düşdü.

Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin yenidən qurulması, sakinlərin doğma yurda qayıdışı onu göstərir ki, xalqımız heç vaxt işğalla barışmayacaq, düşmən tapdağında olan bütün torpaqlarımız azad ediləcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: