NUHÇIXAN xəbər verir ki, Biznes Mərkəzində Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən sənətkarlarla görüş olub.
“2018-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında turizmin inkişafına dair Dövlət Proqramı”nın icrası çərçivəsində təşkil olunan görüşdə Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat naziri Tapdıq Əliyev bildirib ki, turizmin inkişafına səbəb olacaq əsas sahələrdən biri sənətkarlıq nümunələrinin və suvenirlərin istehsalıdır. 2018-ci il və 2019-cu ilin ötən dövrü ərzində sənətkarlar tərəfindən muxtar respublikanın tarixi memarlıq abidələrini, milli ornamentləri özündə əks etdirən xalçaçılıq, papaqçılıq, bədii incəsənət, ağac, daş və gips üzərində oyma, misgərlik, dekorativ tədbiqi sənət və dulusçuluq sahələri üzrə 13 min manat dəyərində 722 əl işi və sənət əsəri hazırlanıb, Xalq Yaradıcılığı Emalatxanasında 57 xalça toxunub. Hazırlanan əl işləri satış üçün Naxçıvan Biznes Mərkəzinin satış obyektlərinə yönəldilib.
Bəhs edilən dövrdə Koreya, İsveç, Hindistan, Rusiya Federasiyası, Norveç Krallığı, Tacikistan, İndoneziya və Moldovanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfirlərinin Naxçıvan Muxtar Respublikasına səfərləri çərçivəsində Naxçıvan Biznes Mərkəzində görüşlər keçirilib. Bu görüşlərdə muxtar respublikanın turizm imkanları, səhiyyə turizm ocaqları barədə məlumatlar verilib, sahibkarların bu sahəyə cəlb edilməsinin əhəmiyyəti vurğulanıb.
Həmçinin İran İslam Respublikasının Qərbi Azərbaycan Vilayətinin Urmiya şəhərində muxtar respublikada istehsal olunan ərzaq məhsulları və əl işlərinin sərgi-satışı təşkil olunub. 22 sahibkarlıq subyektinin, 62 adda əl işlərinin sərgi-satışı həyata keçirilib.
Qeyd edilib ki, muxtar respublikamızda ailə təsərrüfatlarının fəaliyyətlərinin stimullaşdırılması, genişləndirilməsi üçün güzəştli kreditlərin verilməsi davam etdirilir. Belə ki, ötən dövr ərzində Sahibkarlığın İnkişafı Fondu tərəfindən 46 ailə təsərrüfatına 710 min manatdan çox dövlət maliyyə dəstəyinin göstərilməsi təsərrüfatların fəaliyyətinin genişləndirilməsinə stimul olub, ailə təsərrüfatlarından bir hissəsinin isə kiçik sahibkarlıq subyektinə çevrilməsinə şərait yaradıb. Muxtar respublikanın sosial-iqtisadi inkişafı sahəsində atılan addımlar öz növbəsində turistlərin sayının artmasına, sənətkarlıq nümunələri və suvenirlər bazarının canlanmasına səbəb olub. Tapdıq Əliyev diqqətə çatdırıb ki, sənətkarlar hazırladıqları əl işlərində müasir, innovativ üsulların istifadəsinə xüsusi fikir verməlidir. Belə ki, əl işləri turistlər üçün cəlbedici, qiymətləri münasib olmalı, toxunan xalçaların üzərində Naxçıvana məxsus milli ornamentlərdən və digər təsvirlərdən istifadə olunmalı, eyni zamanda hazırlanmış suvenirlər kiçik həcmli və daşınması asan olmalı, bir sözlə əl işləri keyfiyyəti və aktuallığı ilə seçilməlidir.
Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin direktoru Əkbər Novruzov bildirib ki, muxtar respublikanın təbliğatında elektron resurslara da üstünlük verilməlidir. Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti tərəfindən bu istiqamətdə ardıcıl işlər görülür, təbliğat istiqamətində fəaliyyət günün tələbləri səviyyəsində qurulur. Sosial şəbəkələr vasitəsilə aparılan təbliğat işləri ilə yanaşı Azərbaycanda və 20-yə yaxın xarici ölkədə fəaliyyət göstərən turoperatorlarla əlaqələr saxlanılır, mütəmadi olaraq təbliğat xarakterli materiallar göndərilir.
Əkbər Novruzov deyib ki, hər bir sənətkar da öz növbəsində hazırladığı əl işlərinin reklamını və satışını internet resurslarından istifadə etməklə həyata keçirərsə bu turistlər üçün əlçatanlığın təmin edilməsi ilə yanaşı satışın da sürətlənməsinə gətirib çıxarar. Bu istiqamətdə sənətkarlarımız Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti ilə də əməkdaşlıq edə, hazırladıqları əl işlərini, onların fotoşəkillərini departamentə təqdim etməklə təbliğat işinin sürətlənməsinə öz töhfələrini verə bilərlər.
Sahibkarlığın İnkişafı Fondu idarə heyətinin sədri Seymur Cəfərov sahibkarlara güzəştli verilən kreditlər barədə məlumat verib. Qeyd edib ki, fond tərəfindən 2000-ci ildən 2019-cu il tarixinədək 1304 layihənin maliyyələşdirilməsinə 148 milyon 535 min manat vəsait yönəldilib ki, bunun da 20 milyon 467 min manatı 672 kiçik və orta həcmli layihələrin reallaşdırılmasına sərf olunub.
Sonda sənətkar Akif Həsənov muxtar respublikada sənətkarlara göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib.
Mədinə Rəhimli