Hərtərəfli və dayanıqlı iqtisadi inkişaf, sosial cəlbedicilik, məşğulluq və yoxsulluğun azaldılması, təbii ehtiyatlardan səmərəli istifadə, ətraf mühitin mühafizəsi, mədəni dəyərlər və təhlükəsizlik turizmdə mühüm məsələlərdən hesab edilir. Günümüzün reallığı ondan ibarətdir ki, sadalanan bütün amillər ölkəmizdə və onun tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında da cəmlənib.
Bu gün muxtar respublikada aparılan məqsədyönlü siyasət nəticəsində digər sahələrdə olduğu kimi turizm sahəsində də fəaliyyət genişləndirilib, mövcud turizm potensialının inkişafına nail olunub. Muxtar respublikanın şəhər, qəsəbə və kəndlərinin inkişafı istiqamətində görülən işlər, nəqliyyat infrastrukturunun genişləndirilməsi, yaradılan müasir turizm obyektləri, keçirilən beynəlxalq səviyyəli möhtəşəm tədbirlər turist axınını daha da sürətləndirib. Muxtar respublikada turizmin əhəmiyyətini və bu sahədə görülən işləri yüksək qiymətləndirən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri demişdir: “Sabitlik, iqtisadi inkişaf, zəngin tarixi-mədəni irs, ekoloji cəhətdən təmiz qida məhsulları və yaradılan şərait Naxçıvanda turizmin inkişafını şərtləndirən əsas amillərdir. Muxtar respublikanın turizm potensialı bura səfər edən xarici ölkə vətəndaşları tərəfindən yüksək qiymətləndirilir...”
Bəs turizmin inkişafında miqrasiya proseslərinin rolu nədən ibarətdir?
Reallıq ondan ibarətdir ki, turizmin inkişaf etdirilməsi muxtar respublikada aparılan miqrasiya siyasəti ilə sıx bağlıdır. Bu məqsədlə də Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidməti işini günün tələbləri səviyyəsində qurmaqla, fəaliyyətini gücləndirib və bu istiqamətdə işin təşkilinə diqqəti artırıb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 31 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2018-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında turizmin inkişafına dair Dövlət Proqramı” Dövlət Miqrasiya Xidmətinin də üzərinə bir sıra öhdəliklər qoyub, vəzifələrini artırıb. Belə ki, Xidmət tərəfindən qarşıya qoyulmuş vəzifələr uğurla icra edilərək nəzərdə tutulmuş turizm sektorunun inkişafı üçün Naxçıvan Muxtar Respublikasında əlverişli mühitin formalaşması məqsədi ilə sərhəd-keçid prosedurlarının sadələşdirilməsi və sürətləndirilməsi, sərhəd-buraxılış məntəqələrində sürətli keçidin təmin edilməsi üçün zəruri tədbirlərin görülməsi istiqamətində mühüm addımlar atılıb.
Fərəhli haldır ki, bu gün Dövlət Miqrasiya Xidməti üçün konkret sahələr üzrə 9 xidmət növü müəyyənləşdirilib. Artıq bu sahələr əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, eyni zamanda Azərbaycan Respublikası vətəndaşlarının istifadəsinə verilib. Həmin xidmət növləri, əsasən, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyatı, müvəqqəti və daimi yaşaması, müvəqqəti olma müddətinin uzadılması, iş icazələrinin verilməsi və müddətlərinin uzadılması, miqrasiya orqanlarına işə qəbul, dövlət rüsumlarının və cərimələrin onlayn ödənilməsi ilə bağlı sahələri əhatə edir.
Bu gün Naxçıvan Muxtar Respublikasında turizm sahəsinin inkişafı və yay turizm mövsümü ilə əlaqədar miqrantların axın etməsi, xüsusilə sərhəd-buraxılış məntəqələrində miqrasiya bölmələrinin vəzifəsini daha da artırıb. Miqrasiya bölmələrinin fəaliyyəti muxtar respublikamıza axın edən turistlərə çox böyük köməklik edir. Diyarımıza təşrif buyuran qonaqlar əgər muxtar respublikamızda müvəqqəti olmaları haqqında dəqiq məlumatlara sahib deyillərsə, miqrasiya bölmələrində elektron məlumat köşkləri vasitəsilə lazımi məlumatları əldə edə bilərlər. Dövlət Miqrasiya Xidmətinin əməkdaşları sərhəd-buraxılış məntəqələrinin miqrasiya bölmələrində xarici ölkə vətəndaşlarının həm sənədlərinin yoxlanılmasında, həm də onlarla dialoqda etik davranış qaydalarına ciddi əməl edirlər. Burada əcnəbilərin olduğu yer üzrə qeydiyyata alınması onların əlavə məsafə qət etməsinin və xərc çəkməsinin qarşısını alır. Miqrasiya bölmələrinin fəaliyyəti muxtar respublikada yaşayan əcnəbilərin rahatlığı üçün atılmış növbəti addımın əyani göstəricisidir.
Sərhəd-buraxılış məntəqələrinin fəaliyyəti yüksək səviyyədə təşkil olunmaqla Vahid Miqrasiya Məlumat Sistemi vasitəsilə xarici ölkə vətəndaşlarının Dövlət Miqrasiya Xidmətinə gəlmədən olduğu yer üzrə qeydiyyata alınma prosesinin operativliyi artırılıb. Bunun nəticəsidir ki, cari ilin I yarımili ərzində sərhəd-buraxılış məntəqələrinin miqrasiya bölmələri tərəfindən 950-ə yaxın əcnəbi olduğu yer üzrə qeydiyyata alınıb.
Fərəh hissi ilə deyə bilərik ki, Naxçıvan qonaqların diqqətini ildən-ilə daha çox cəlb edir. Rəsmi olaraq əldə olunan statistik rəqəmlər də bunu deməyə əsas verir. Belə ki, 2019-cu ilin I yarımili ərzində muxtar respublikamıza 196 min 474 nəfər turist gəlib ki, bu da 2018-ci ilin birinci yarımiliylə müqayisədə 0,3 faiz çoxdur.
Əlbətdə ki, muxtar respublikamıza gələn turistlərin rahatlığı, istirahətlərinin yaxşı təmin olunması, həmçinin asudə vaxtlarının səmərəli keçməsi nə qədər əhəmiyyət kəsb edirsə, onların hüquq və azadlıqları, vəzifələri, eyni zamanda olduqları regionla bağlı məlumatlı olmaları da bir o qədər diqqət mərkəzindədir.
Dövlət Miqrasiya Xidmətinin qanunvericiliyə uyğun olaraq öz vəzifə səlahiyyətlərini həyata keçirməsində əcnəbi və vətəndaşlığı olmayan şəxslərin maarifləndirilməsi prioritet yer tutur. Ölkə vətəndaşlarına, o cümlədən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə elektron xidmətlərin göstərilməsi zamanı 202-Miqrasiya Məlumat Mərkəzinin rolunu xüsusi vurğulmaq lazımdır. 202-Miqrasiya Məlumat Mərkəzi vətəndaş məmnunluğunun və qanunçuluğun təmin edilməsi, müraciətlərin obyektiv araşdırılması və cavablandırılması, sui-istifadə əməllərinin qarşısının alınması, xidmətin fəaliyyətinin təkmilləşdirilməsi üçün daxil olmuş müraciətlər əsasında təhlillərin aparılması məqsədi ilə təşkil olunub.
Bu gün diyarımızda turizmin təbliği məqsədilə görülən işlər arasında Dövlət Miqrasiya Xidmətinin rəsmi saytı xüsusi yer tutur. Belə ki, cari ilin əvvəlində tamamilə yenilənərək həm funksionallıq, həm də dizayn baxımından müasirləşdirilən və zamanın tələbinə uyğunlaşdırılan Xidmətin rəsmi internet saytının daha çox əcnəbilər tərəfindən istifadəsi nəzərə alınaraq www.migration.nmr.az adı ilə də fəaliyyəti təmin edilib. Dövlət Miqrasiya Xidməti saytın ikinci adını yaratmaqla, həm də yeniliyə imza atıb. Məlum olduğu kimi əcnəbilərin ingilis dilinə üstünlük verməsi və saytın ikinci adının elə həmin dildə fəaliyyət göstərməsi istifadəçilərin işini daha da asanlaşdırıb. Artıq muxtar respublikamıza təşrif buyurmaq arzusunda olan qonaqlar daha buraya gəlmədən əvvəl istər miqrasiya qanunvericiliyi ilə bağlı, istərsə də diyarımızın turizm potensialını əks etdirən məlumatları ingilis dilində ala bilərlər. Həyata keçirilən bu cür maarifləndirmə işləri onu deməyə imkan verir ki, Xidmət tərəfindən göstərilən elektron xidmətlər birbaşa onların rahatlığı hesabına düşünülüb.
Bu gün ölkəmiz görkəmli dövlət xadimi ulu öndər Heydər Əliyev məktəbinin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında uğurla inkişaf edir. Artıq Azərbaycan dünyada söz sahibi olan, güclü iqtisadiyyata və qüdrətli orduya malik bir dövlətdir. Bu qüdrətli dövlətin ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası da Ulu öndərimizin və onun layiqli davamçısının ideyalarının dönmədən həyata keçirilməsi nəticəsində əsl inkişafa qovuşmuşdur. Ölkə Prezidenti cənab İlham Əliyev bu barədə demişdir: “...Bu gün Naxçıvanın gələcək inkişafı ilə bağlı əlavə sözlərə ehtiyac yoxdur. Çünki bütün işlər burada ən yüksək səviyyədə görülübdür. Bir daha qeyd etmək istəyirəm ki, siz bütün məsələləri–quruculuq, abadlıq işlərini, enerji təhlükəsizliyi, hərbi potensial, infrastruktur layihələrinin icrası, ərzaq təhlükəsizliyi məsələlərini həll etmisiniz. Bundan sonra ancaq bu uğurlara yeni uğurlar əlavə etmək lazımdır”.
Bu gün miqrasiya proseslərinin beynəlxalq hüquq normalarına uyğun olaraq tənzimlənməsi və günün tələblərinə uyğun aparılması, miqrasiya prosesləri üzərində dövlət nəzarətinin gücləndirilməsi, turistlərin rahatlığının təmin edilməsi istiqamətində görülən işlərlə Dövlət Miqrasiya Xidməti də turizm sahəsinə öz töhfəsini verməyə çalışır.
Arif Bayramov
Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin əməkdaşı