Bir yay da ötür ömrümüzdən...

A- A A+

Baharla payızın arasında körpü olan, öz hərarəti ilə bu iki sərin fəsli bir-birinə həmdəm edən mövsümdür yay. Yazda ağacların çiçəyinə vurulub, bu sevginin meyvələrini çiyinlərində daşıyıb payıza təhvil verən sevdalıdır yay. Yazda torpağa əkilənlərə su ilə birlikdə can verib süfrələri bollaşdıran, əkinçinin arzusunun gerçəyi, zəhmətinin bəhrəsidir yay. Toplanması payıza təsadüf edən meyvələrin, tərəvəzlərin yığımını gözləyən, götürəcəyi məhsulu realizə etməklə övladına nişan, toy etmək, cehiz almaq, him açıb bina salmaq, qarşıdan gələn qışa hazırlıq görmək istəyənlərin arzusudur yay

Yay həm də hicranların vüsal vaxtı, rayonlara, kəndlərə üz tutan şəhərlərimizdə yaşayanların ataana, qohum-əqrəba həsrətinin sonudur. Baba nənələrindən uzaqda yaşayan uşaqların onların sevgisini duyduğu, tumarını gördüyü, nağılını dinlədiyi anlardır yay. Evlərimizin qonaq-qarası, həyətlərimizin səsiküyü, şaqraq gülüşüdür yay. Ağacların yazda barmaq boyda yarpaqlarını isti ağuşunda böyüdüb yolçuya, əkinçi-biçinçiyə çətir edəndir yay. Yaşıl rəngi, çiçək ətri, rəngarəng mənzərələri ilə yolçunu yoldan edib, bu çətirlərin altında samovar çayına, quzu kababına qonaq edəndir yay.

Bir təbiət gözəlidir bu fəsil. Bəzən istisindən zinhara gəlib gileyləndiyimiz yay olmasa, baharda torpaqdan ancaq boylanan yaşıl çəmən heç dizə qalxarmı? Mövsümboyu üç-dörd dəfə biçilən bu çəmənlərin, düzlərin otu ilə qışboyu bazarlarımızı bol südlü, qatıqlı, pendirli, şorlu, kərəli edən mal-qaranın ruzisidir yay. Yaylaqların sükutunu pozan qoyun-quzu mələşməsi, çobanların tütəkdə səsləndirdiyi nəğmədir yay. Eldən-elə qonaq gəlib Ulu Yaradanın təbiət bəxşişini paylaşanların qurduqları obadır yay.

Ocaq çayı, ocaq yeməyi, təbiətin qoynunda açılan süfrədir yay. Dağların sinəsini, torpağın bağrını yarıb çağlayan, 38-40 dərəcə isti havada 1 dəqiqənin tamamınadək əlimizi saxlaya bilmədiyimiz buz bulaqlarımızdır yay. Dağlarımızın dərələrimizin insanlara ruzi payı olan min adda, mir bir dadda bitkilərinin onlara ərməğan çağıdır yay. Bu mövsüm gözəl, təbiət möcüzəsi olan diyarımızın gəzməli-görməli yerlərinin “qapısının açarıdır”. Uşaqların məktəb tətili, valideynlərinin məzuniyyət dövrü, onları birlikdə bu gözəllikləri duymağa səsləyən, istirahətə çağırışdır yay.Açın onunla “təbiətin qapılarını”. Şahbuza gəlin, dağlarının başında qışı, sinəsində yazı, çəmənlərində yayı yaşayan Batabata qalxın. “Üzən ada” möcüzəsi, Zorbulağın həzin nəğməsidir yay. Bu əsrarəngiz havanı doyunca sinənizə çəkin. Güllərdən çələng hörün, saçlarınıza taxın. Çünki bir çələngdir yay. Sərin küləkləri ilə güllərin, çiçəklərin rayihəsini ciyərlərimizə dolduran sizə xoş anlar yaşadan andır yay. Dəniz səviyyəsindən 2000 metrdən yüksəkdə yerləşən Ağbulağa gəlin. Bu yüksəklikdən ətrafdakı cənnətməkanın seyri, Ağbulaq İstirahət Mərkəzində istirahətin ən gözəl dövrüdür yay. Ordubada üz tutun, xəfif küləyi ilə Pəzməri şəlaləsinin suyunu üzünüzə çiləyən şeh, dörd mövsümlü Göygöldür yay. Bu doyumsuz gözəlliklərin fonunda gözlərinizin bəzəyi, ruhunuzun qidası, könlünüzün həmdəmidir yay. Xan Arazın nəğməsini dinləyin. Yay bəzən sevdalanmışArazın pıçıltısı, bəzənsə kükrəyib coşmasıdır. Bəs Əlincə, Haçadağ? Bu dağların harmoniyası da yay sevdalısıdır. Çünki yay bu şiş, girintili-çıxıntılı dağların üzəri ilə sizləri tarixin qüruru Əlincəyə, təbiət ərməğanı Haçadağa rahatlıqla çatdıra və buradan gözəl mənzərələri qarşınızda aça bilir. Göz uzandıqca seyr edəcəyiniz, bir-birini əvəz edən gözəlliklər… Turistləri diyarımıza səsləyən, əsrarəngiz təbiət lövhələri, təbii məhsulları, zəngin mətbəxi ilə onları valeh edib, hər il istirahət üçün bu gözəl ünvanı – Naxçıvanı seçmələridir yay.

Günəşdən güc alıb dənizlərə, göllərə verdiyi hərarət ilə çimərlik dövrüdür yay. Uzunoba çimərliyi ilə insanlara sərin və mənalı istirahət yaşadan, hərarəti sularında qərq edəndir yay. Ürəkləri sərinlədən ləzzətli dondurmaların mövsümüdür yay. İndi diyarımızdakı onlarla kafelər çeşidli, dadına doyulmaz dondurmalarla qonaqlarını səsləyir. İstirahət, əyləncə mərkəzləri kimi ünvanlarda isti, elə isti olduğuna görə də yorucu günlərinin yorğunluğunu unutdurmağı da bacarandır yay…

İstisindən şikayətlənib, hər an bitməsini arzulayan bizlərin heç özümüzün də fərqində olmadığımız qədər sağlamlığımızdır yay. Qızmar şüaları ilə ətrafdakı virusları məhv edən, immunitetimizi artıran, orqanizmimizi möhkəmləndirən, bizi qarşıdan gələn payızın, qışın sazağına-soyuğuna tablaşmağa hazırlayan “həkimdir” yay. İstidir, bəli, amma mənalıdır, özünəməxsusdur. Budur, bir yay da ötür ömrümüzdən… Xatirələrə rəssamı özü olan gözəl bir təbiət mənzərəsi həkk edən yay. Bu mənzərədə yaşılın bütün tonları bir-birini əvəz etdikcə digər rənglərin harmoniyası yaşılın gözəlliyini, cazibədarlığını bir qədər də üzə çıxarır. Təkrarsız bir təbiət lövhəsidir bu mənzərə. Yayın var olduğunu, yaşandığını və nəhayət, ömrümüzdən bir ilin bir fəslinin də ötdüyünü səciyyələndirən lövhə. Bu mənzərə həm də xatirələr toplusudur. Hər kəsin bir yay təəssüratı olan toplu. Vərəqləndikcə ömrün bu yayının nə anları var bu topluda…

Budur, günbəgün, saatbasaat ömrümüzün bir yayının da ömrü başa çatmaqdadır. Artıq yayın qarşıdakı günləri ilə birlikdə payıza doğru yolçuluğa çıxırıq. Yayın imtahanı olan payıza. Bir azdan havanın yandırıcı istisi sərinliyə təslim olanda, payız küləkləri yayı qovub öz lövbərini təbiətin qoynunda açanda, yaşıla sarı rəng “hökmranlıq” edəndə ömrümüzdən bir yayın necə də sürətlə keçdiyinin fərqinə varacağıq. Nə etməli, ötməlidir fəsillər: ömrümüzə yeni payızları, qışları, baharları gətirmək üçün…

Mətanət Məmmədova

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: