Bahara gözəllik verən onun təravəti, gül-çiçəklərinin ətridirsə, insan ömrünü mənalandıran da uşaqlıq çağlarıdır. Uşaqlıq illəri elə bir yaş dövrüdür ki, hələ bərkə-boşa düşmədiyin üçün həyatı dərindən dərk etmir, ətrafda baş verənlərə seyrçi qalırsan. Ağ vərəqtək saf olan uşaq yaddaşında məsum duyğular, düşüncələr yaranır, gözlərində yaşadığımız dünyanın sevinci əks olunur. Məhz elə buna görədir ki, hər kəs yaşlandıqca, həyatın çətinlikləri ilə üzləşdikcə, uşaqlıq çağlarını arzulayır, yenidən o illərə qayıtmaq istəyir. Uşaqlıq dövrünün, necə deyərlər, olmazsa-olmazlarından biri də o yaş üçün xarakterik olan oyunlardır...
– Ay bala, gəl evə, bu qovalaqaç oyununu az oyna, axırda tərləyib xəstələnəcəksən. – Ana, bir az da oynayım, gələcəyəm. – Günorta olub, heç olmasa, gəl bir dürmək tutum ye, oyun qaçmır ki, sonra oynayarsan. – Yox, ana, ac deyiləm, qonşumuz Mahirə xala sağ olsun, hərəmizə bir kətə verdi yedik! Əziz oxucular, ana ilə bala arasında keçən bu qısa dialoq, yəqin ki, sizləri uşaqlıq çağlarına qaytardı, o illərdə yaşananlar yada düşdü. Mən də bu yazını hazırlayarkən illər öncə məhəlləmizdəki uşaqlarla keçirdiyim o günləri xatırladım. O zamanlar hər gün həmyaşıdlarımla təbiət qoynunda müxtəlif oyunlar oynayar, uşaqlıq illərimizi şən, deyə-gülə keçirərdik. Bəzən oyunlar zamanı yıxılar, ayaqlarımıza, əllərimizə izlər düşərdi. Ancaq bu, bizi qorxutmaz, əksinə, nənələrimizin: – ay bala, narahat olma, uşaq yıxıla-yıxıla böyüyər, – deməsindən həvəslənərdik. Artıq o illərin üzərindən çox sular axıb. Vaxtaşırı kəndimizə yolum düşəndə o günlərin xoş xatirələri yenidən yaddaşımda canlanır. Ancaq təəssüfedici hal odur ki, əvvəllər tozlu-torpaqlı küçələrdə oynayan uşaqların şaqraq gülüşlərinin yerini indi səssizlik tutub. Nə küçədə oynayan uşaq görmək olur, nə də uşaqları evə, dərs oxumağa çağıran valideynləri. Bu bir tərəfdən yaxşı hal olsa da, digər tərəfdən balacaların fiziki inkişafına mənfi təsir göstərir.
İndi bir çox valideyn düşünür ki, övladım yanımda olsun, uzağa getməsin, yoxsa özünə xətər yetirər. Gəlin razılaşaq ki, bunu edənlər, birinci növbədə, öz rahatlıqlarını düşünürlər, uşaqların maraqları onlar üçün çox da önəmli olmur. Bir az dərindən düşünsələr, görərlər ki, əslində, “çilingağac”, “yeddidaş”, “qəcəmədaş”, “ortadaqaldı”, “qovalaqaç”, “gizlənqaç”, “bənövşə bəndə düşə”,“gözbağlıca”, “əl üstə kimin əli” və digər uşaq oyunları balacalara ziyan yetirmə məqsədi daşımır, əksinə, hər biri ayrı-ayrılıqda müəyyən məntiqə, bilik və bacarıqlara əsaslanır. Elə buna görə də uşaqları bu oyunlardan uzaq tutmaqla onları passiv olmağa sövq etmək, ətraf aləmdən təcridə sürükləmək deməkdir. Uşaq oyunlarının faydaları haqda Naxçıvan Müəllimlər İnstitutunun müəllimi, psixoloq Çapay Quliyev deyir: – Oyun oynamaq bütün yaş dövrləri üçün xarakterikdir. Uşaq yaşlarında, xüsusən formalaşma mərhələsində oynanılan oyunların əhəmiyyəti isə böyükdür. Həmin oyunlar uşaqları bir-biri ilə ünsiyyət qurmağa, onlarda böyüklərə qarşı doğru davranış qaydaları aşılamağa xidmət edir. Oyunun fiziki, zehni və emosional tərəfdən müsbət təsirləri vardır. Uşaq oyun zamanı qaydalara əməl etməyi, problemlərin həlli yollarını, diqqətini cəmləməyi, razılığa gəlməyi, özünü ifadə etməyi və qərar verməyi öyrənir. Misal üçün hamımızın uşaq olarkən sevə-sevə oynadığımız “çilingağac” oyununa diqqət yetirsək, görərik ki, bu oyun uşaqda cəldlik, çeviklik, komandada oynamaq bacarığı kimi vərdişlər formalaşdırır. Çapay Quliyevin dediyinə görə, bu gün texnologiyalar həyatımızın bütün sahələrində müsbət dəyişikliklər yaratsa da, onların mənfi cəhətləri də az deyil. Bu mənfi cəhət uşaqlara da təsirsiz ötüşmür. Texnika uşaqları böyüklərə nisbətən daha çox cəlb edir və bəzən uşaqlar saatlarla kompüter və telefondakı maraqlı oyunlardan, əyləncəli proqramlardan ayrıla bilmirlər. Qohum-əqrəbanın, dost-tanışın evində qonaq olarkən bu halların çox şahidi oluruq. Bu isə valideynlərin üzərinə böyük məsuliyyət qoyur. Çox vaxt valideynlər rahat olsunlar deyə, uşaqların kompüter arxasında uzun müddət oturmalarına, telefonla oyunlar oynamalarına şərait yaradırlar. Bilməlidirlər ki, balacaları bu texnologiyalara erkən yaşlardan meyilləndirməklə onların gələcəklərini təhlükəyə atırlar. Məhz elə bunun nəticəsidir ki, bu gün məktəbyaşlı uşaqların bəzilərində diqqətsizlik problemi yaranır, görmə zəifliyi ortaya çıxır. Digər tərəfdən, texnologiyalar uşaqları fiziki fəaliyyətdən, yaradıcılıqdan da məhrum edir, onların təxəyyülünü, düşüncəsini və analiz qabiliyyətlərini zəiflədir. Naxçıvan şəhər 1 nömrəli uşaq bağçasının tərbiyəçisi Təranə Seyidova deyir ki, məktəbəqədər tərbiyə müəssisəsində məşğələlər zamanı uşaqlara hərəkətli və az hərəkətli növlərdə olmaqla müxtəlif oyunlar öyrədilir. Bu məqsədlə bağçada oyun zalları yaradılıb, tədris avadanlıqları quraşdırılıb, məşğələnin düzgün təşkili üçün metodik vəsaitlər verilib. Proqrama əsasən hər qrup həftədə iki saat oyun məşğələsinə qatılır. “Dovşan və qurd”, “qazlar, qazlar”, “bənövşə bəndə düşə”, “qatar”, “qarğı və qırğı” uşaqların daha çox marağına səbəb olan və həvəslə oynadıqları oyunlardır. Bundan başqa, məktəbəqədər tərbiyə müəssisəsində təşkil olunan musiqi məşğələlərində ritmik oyunlara da geniş yer verilir. Ümumiyyətlə, öyrədilən bütün uşaq oyunları balacaları bacarıqlı, cəld, əzmkar olmağa səsləyir, mübarizlik, qətiyyətlilik göstərməyə sövq edir. Məşğələlər uşaqların düşüncələrini inkişaf etdirir və onlar böyüdükcə daha çox uğurlar qazanırlar. Bu, onlara təkcə məktəbdə deyil, gələcək iş həyatında da müxtəlif yaradıcı tapşırıqların öhdəsindən asanlıqla gəlməyə kömək edir. Uşaq oyunları keçmişimizdən bu günə miras qalan folklor nümunələri, genetik yaddaşımızın daşıyıcılarıdır. Biz gənclik bu yaddaşın gələcəyə ötürülməsinə çalışmalıyıq. Elə etməliyik ki, bizdən sonra gələnlərin də bizim kimi belə maraqlı uşaqlıq xatirələri çox olsun. Dərslər də lazımdır, hazırlıqlar da, məşğələlər də, müasir texnologiyalardan istifadə də. Ancaq hər bir valideyn bütün bunlardan fürsət tapıb balacaları asudə vaxtlarında bu oyunlara sövq etməyə çalışmalı, bildiklərini onlara öyrətməlidirlər. Minilliklərdir, ana laylası beşiklərin başında necə səslənirsə, bu oyunlar da uşaqlarla yaşadılmalıdır.
Nail ƏSGƏROV