Xeyirxah arzunuz ürəyinizdə qalmasın - müqəddəs məkandan bir neçə söz - FOTOLAR

A- A A+

“Bax burdan su damcısı düşür. Gəl sən də otur. Mənim başıma iki damcı düşdü”.

Bir cüt gülümsəyən gözün sahibi xanım oturduğu yeri mənə təklif edir. Qısqanclıq eləmir. Yəqin “mənim niyyətim hasil oldu. Qoy onun da arzusu ürəyində qalmasın”, -deyə düşünür.

Axı bu müqəddəs məkanda hamı Yaradanı daha dərindən hiss edir. Bu hissləri yaşaya bilmək üçün isə niyyəti təmiz tutmaq şərtdir. 

İndi oxucu düşünür ki, bu sətirlərin müəllifi nə demək istəyir, axı?

O zaman bir neçə cümləlik girişə ehtiyac var. 

İsti yay günlərini yaşayırıq. İstirahət etmək üçün hərəmiz bir məkana üz tuturuq. Bir çoxumuz  sərfəli olması  üçün istirahət edəcəyimiz yerləri hətta qış aylarından seçirik. Gedir, yeyir-içir, dincəlir və alış-verişimizi edib geri dönürük. Nəticədə fiziki bədənimizin ehtiyaclarını daha çox ödəmiş oluruq.

İstirahətin mənfi olduğunu demirəm. Amma nədənsə istirahət edənlərin sayı ildən-ilə çoxalsa da ətrafımızda  narahat, əsəbi insanların saylarının azaldığını yox, artdığını müşahidə edirəm. Gərginlik, istirahətdən gəldiyi halda ruh düşgünlü və s.

Ruh düşgünlüyü ifadəsini səbəbsiz işlətmədim. Demək ki, fiziki bədənlə yanaşı, ruhumuzun da dincəlməsinə, qidalanmasına ehtiyac var. Üstəlik ruhun dincəlməsi üçün qış aylarından pul toplamağa ehtiyac yoxdur.

Ruha qidan verən, daxilən təmizləyən  sadə, o qədər xərc tələb etməyən yerlər tapmaq çətin deyil. Elə bu cür yerlərdən biri-Naxçıvanda yerləşən dini ziyarətgah, eyni zamanda tarixi abidə olan Əshabi-Kəhf  mənəvi rahatlıq axtaranlar üçün əvəzedilməz məkandır.

Bu günlərdə yolum Naxçıvana düşmüşdü. Uşaqlıq illərində mənə sirli məkan kimi görünən Əshabi-Kəhfə budəfəki ziyarətimdə bu məkanın ruhuma doğrudan da sehrli təsir bağışladığının şahidi oldum.  

Müqəddəs kitabımız “Quran”da adı keçən bu yer haqqında naxçıvanlılar hələ kitab oxumağı öyrənməmişdən əvvəl öz nənə-babalarından eşidirlər. Əshabi-Kəhfi görmək üçün arzu tutub, niyyət edirlər.    

Bu gün Əshabi-Kəhf təkcə Naxçıvanda deyil, yaxın-uzaq ölkələrdə də ziyarət üçün can atılan bir məkana çevrilib. Ömründə bircə dəfə də olsa buranı ziyarət edənlər həm ab-hava cəhətdən, həm də zahirən tərtəmiz olan bu gözəl məkana könül bağlayır.  

Əshabi-Kəhfə aparan yollar indi çox rahatdır. Düz və səliqəli yolların kənarı tamamilə yaşıllaşdırılıb. Hətta gözəl meyvə ağacları da var. Yerli sakinlərin dediyinə görə, bu ağaclar ehsan məqsədlidir.

“Yaz aylarında burdan istədiyimiz qədər ərik topladıq. Mürəbbə, kompot hazırladıq”, -deyə ziyarətçilərdən biri deyir. 

Ağaclarla əhatə olunmuş rahat yolu başa vurub müqəddəs məkana yaxınlaşanda gözlərimə inanmıram. Əvvəllər burda tüstü iyindən durmaq olmazdı. Hərə bir tərəfdə kəsdiyi qurbanın ətindən kabab çəkirdi. İndi isə qurbanı kəsmək üçün kənarda qurbangah yaradılıb. Ətrafında natəmizlikdən  söhbət belə gedə bilməz.

Buranı keçib yavaş-yavaş üzyuxarı-hündür qayalıqlara doğru yol alan ziyarətçilərə qoşuluram. İnsanlar burda ətraf aləmdən o qədər təcrid olub, ruhən Allaha yaxınlaşır ki, qeyri-ixtiyari yanaqlarından yaş süzülür. Kimə baxıram Yaradanı ilə söhbət edir. Hamı dua edir.  Allahından istədiklərinin qarşılığını alanlar şükür edir, niyyət edənlər əllərini Yaradanın dərgahına açıb Vətəni, övladları, sevdikləri üçün nələrisə istəyirlər.

Burda ziyarətçilər üçün çox gözəl şərait yaradılıb. Səliqə-sahman, təmizlik.  Rahat pilləkənlərlə yavaş-yavaş yuxarı doğru qalxdıqca bu müqəddəs yerin  ruhumda olan bütün ağırlığı çəkib götürdüyünü hiss edirəm. “Damcıxana” deyilən mağaraya qalxıram. Bura ziyarətçilərin  arzularının gerçəkləşəcəyini, dualarının qubul olanacağını təsdiqləyən son möcüzəli məqam kimi qəbul edilir. Çünki niyyətin qəbul olunduğu halda üstünə quru tavandan su damcısı düşür.  Balaca bir qaya parçasının üstündə otururam. Allaha dua edirəm. Zehnimi, ruhumu yaxşı niyyətə, xeyirxah əməllərə kökləməsini diləyirəm. Burada sanki hər şey unudulur - bir sən və bir də üz tutduğun Tanrı var.  Ətrafda qaynaşan xarici turistlərin maraq dolu baxışlarını görüncə Allaha şükür edirəm. Ruhumuzun rahatlıq tapdığı gözəl Naxçıvanımızı qorumasını diləyirəm.

 Elə bu vaxtı iki-üç metr aralıda oturan xanım yerindən qalxıb, oturduğu yeri mənə təklif edir. Başıma su damcısının düşməsi üçün onun yerinin daha münasib olduğunu deyir. Nə deyirəm ki, bu müqəddəs yerdə xeyirxah ruhlu insanların istəyini geri çevirmirəm. Keçib onun yerində otururam. Üzümə baxıb gülümsəyir. “İnşallah hər nə niyyətin varsa, Allah qəbul etsin”,-deyir.

Amin. Allahdan gözəl Naxçıvanımızı və bu məkanın xoş niyyətli insanlarını qoruması üçün dua edirəm. Əvvəldə də qeyd etdiyim kimi heç bir xərc çəkmədən arınmış bir ruh halı ilə geri dönürəm...

                                                                               Aygün İbrahimli

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: