Su və ayaqqabı

A- A A+

Hekayələrin başlanğıcında təlaş var.. Gedişi müəmmalı, bitməsi məlumdur.

Əslində bir cüt ayaqqabıdan başlayır həyat yolu. Üşüməsin deyə, əzilməsin deyə, torpağa hər toxunuşunda səni qorusun deyə, geyinib gedəcəyimiz yollardakı tozdan, istidən, soyuqdan, daşdan, tikandan arxayın olmaq və deməli daha inamla irəliləmək üçün  başlayır  ilk və sonrakı addımlar...

Həyatımız, var olmamız, uzun yola çıxmağımız üçün vacib olan suyu birnəfəsə içməkdən zövq almaq bir anlıqdır, suyu damla-damla içmək isə ömürlük zövqdür .

Su və ayaqqabı... heç əlaqəsi yoxdur eləmi?  Sən belə düşünürsən, mən isə əksinə.. Sən suyun sudan, ayaqqabının isə ayaqqabıdan ibarət ehtiyac olduğunu düşünürsən, mən isə öz istəyimə doğru rahatlıqla getdiyim zaman ayaqqabıda tapdığım hüzuru, suda gördüyüm duruluğu  heç nə ilə müqayisə edə bilmərəm. Fərqimiz budur... mən sən deyiləm, sən də mən deyilsən. Çünki yəqin ki, sənin düşüncəndə su və ayaqqabı  möcüzədən ibarət deyil, sirli və ya göylərə şükr edəcəyin  ruzi deyil... Bəli ayaqqabı da dolayı yolla  “ruzi”dir.    

Hekayələrin başlanğıcını dedim.. Başlanğıclar sona doğru addımlamaqdan ibarətdir. Addımladıqca hər addımında qarşına çıxaraq çoxalan insanlar sənin ruh və vicdan yükündür. Suya dönüb qətrə-qətrə ruhuna hopacaqlar ya da sənin ölçün üçün kiçik olan ayaqqabı kimi vicdanını sıxıb səni rahatlığından həmişəlik məhrum edəcəklər. Ya önündə duracaqlar, ya arxanda, ya da yanında... Səhralaşacaqsan. Yenidən dirçəlib çiçəklərinlə göz oxşadığında  nimdaş ayaqqabıları ilə bağçanın güllərini əzə-əzə qaratikana doğru addımlayacaqlar... Qəribədir, bu böyüklükdə gül bağçasının içində  haradan gözlərinə sataşdı bu tikan?.. Təəccüb etmə. Təbiətin qanunu belədir.. tikan tikanı, gül gülü, bülbül bülbülü çağırır. Sən öz addımını izlə və öz səsinə qulaq as..

Səninlə danışan çox insan var, səni yoran çox səs var, lakin sadəcə bircə səs sehirlidir.. öz səsin. Səni  səsləyən, səni cəsarətləndirən, səni güldürən, səninlə rəqs edən, səni dinləyən, sorğulayan, günahlandıran, ittiham edən, səni səndən oyadan  səsin... Siz səsinizi ucaldın, mən isə susa-susa danışacam ..

Oxuyub bitirdinsə gözəl insan, bil ki, hekayəm  su və ayaqqabıdan ibarət deyil, amma ola da bilər. Çünki sən mən deyilsən, mən də sən... bəlkə də günün birində cəsarətimiz çatsa  biz ola bilərik.

                                                                                    Əfruz   Seyidova

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: