Meşələrimizi yanğından qoruyaq

A- A A+

Dünyanın bir çox ölkələrində meşə yanğınları tüğyan edir. Planetin 20 faizini oksigenlə təmin edən Amazon meşələri yanır. Qonşu Rusiyada, Gürcüstanda, Türkiyədə də meşə sahələrində yanğınlar baş verir. Bəzi ölkələrdə yanğınlara görə fövqəladə vəziyyət elan edilib. Sevindirici haldır ki,  görülmüş qabaqlayıcı tədbirlər nəticəsində ölkəmizdə geniş miqyaslı yanğınlar baş verməyib. Meşə yanğınlarının böyük əksəriyyəti insanların səhlənkarlığı, bəzi hallarda bilərəkdən, qəsdən törədilməklə baş verir. Bununla da dövlətimizin büdcəsinə milyonlarla ziyan dəyir. Ötən günlərdə Hirkan Milli Parkında və Yardımlı meşələrində baş verən yanğınlar meşələrin qorunmasının aktuallığını bir daha ortaya qoyur.

Qeyd edək ki, meşələr nəfəs aldığımız ha­vanı tozdan, zəhərli qazlardan təmizləyir, insanın tənəffüsü üçün vacib olan ok­sigen ilə zənginləşdirir. Həmçinin torpaqları eroziyadan qo­ruyur, su ehtiyatlarının tükənməsinin qarşısını alır və havanı sanitariya-gigi­yena baxımından saflaşdırır, təbiətdə maddələr mübadiləsində və enerjinin bioloji dövriyyəsində əvəzsiz rol oynayır. Bütün bunları sadalamaqda məqsədimiz ondan ibarətdir ki, meşə sahələrinin qorunmasının zəruriliyini, meşə-bərpa işlərinin taleyüklü bir məsələ olduğunu, ən vacibi isə yanğın təhlükəsinə qarşı mübarizənin ciddili­yini əhalinin diqqətinə çatdırmaqdır.

Azərbaycanın digər bölgələri kimi muxtar respublikamız da meşə yanğınlarından sığortalanmayıb. Meşə yanğınları əsas etibarilə insanlar tərəfindən törədilir. Məlum olduğu kimi, muxtar respublikamıza tu­rist axını ildən-ilə güclənir. İsti yay günlərində insanların asudə vaxtının keçirdiyi məkanlardan biri olan meşələrdə insanlar istirahət edərkən bir sıra hallarda yanğın təhlükəsizliyi qaydalarına riayət etmirlər. İstirahət zonalarında ocağı yana-yana qoyub getmək, söndürülməmiş siqaret kötüyünü atmaq yanğına səbəb olur. Meşəyə həmçinin sürtgü yağı, benzin, dizel yanacağı və s. kimi tezalı­şan mayelərə bulaşmış əsgi və digər materialların atılması, müəyyən olunmamış yerlərdə avtomobil, traktor və digər daxiliyanma mühərrikli aqreqatların yanacaqla doldurulması, eləcə də onların yaxınlığında siqa­ret çəkilməsi, tonqal qalanması yanğın təhlükəsini xeyli artırır. Meşə yanğınları bəzən də ildırımla törəyə bilir. Çoxlu miqdarda quru­muş ağacların, tör-töküntülərin olması baş vermiş yanğının güclənməsinə şərait yaradır. Bilməliyik ki, insanlar üçün meşə yanğınının təhlükəsi nəinki alovun birbaşa təsirindən, eyni zamanda atmosferdəki güclü oksigen çatışmazlığından, dəm qazının və digər qatışıqların artmasından yaranan zəhərlənmələrdən ibarətdir.

Fövqəladə Hallar Nazirliyi meşə yanğınlarının çox ciddi və təhlükəli olmasını nəzərə alaraq bütün vətəndaşları ehtiyatlı olmağa, yanğın təhlükəsizliyi qaydalarına həssas yanaşmağa çağırır. Meşələrimizi yanğından qoru­maq hər birimizin vətəndaşlıq borcudur. Bu işdə hamımız bir nəfər kimi yaxından iştirak etməliyik. Hər hansı bir  təhlükə yarandıqda Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə və ya yanğın təhlükəsizliyi şöbələrinin “101” xidmətinə zəng edin.

 

                                                                   Əbülfəz Qafarov

Naxçıvan Muxtar Respublikası Fövqəladə  Hallar Nazirliyinin əməkdaşı

 

 

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: