Üzümçülük qədim və gəlirli sahədir

A- A A+

Elmi kitablardan aydın olur ki, ölkəmizdə üzümçülüyün tarixi çox-çox qədimlərə gedib çıxır. Arxeoloji qazıntılar zamanı küplərin içərisində indiyə qədər salamat qalmış üzüm toxumları tapılıb. Bunlar sübut edir ki, Azərbaycanın Mingəçevir, Qazax, Naxçıvan və başqa bölgələrinin ərazilərində 3 min il bundan qabaq insanlar üzümçülüklə məşğul olub, üzümdən müxtəlif adda məhsullar hazırlayıblar. Əlverişli torpaq, iqlim şəraiti, burada üzümçülüyün inkişafına və bir çox qiymətli üzüm növlərinin yaranmasına səbəb olub. XIII əsrdə yazılmış “Əcaibəd-Dünya” adlı coğrafi əsərdə Naxçıvan şəhərindən bəhs edilərək göstərilir ki, buranın üzümü çox ləzzətlidir. Üzümdən yaxşısı və cana xeyirlisi yoxdur. Bu fikri akademik Teymur Bünyadov “Azərbaycanda əkinçiliyin inkişafı tarixinə dair” kitabında belə aydınlaşdırır: “Naxçıvanın bəzi kəndlərində şəfehi növlü üzümdən xəstəlik zamanı geniş istifadə edilir. Şəfehi yəqin ki, şəfa sözündən olub, xəstələrə şəfa vermək mənasını daşıyır”.

Sovetlər birliyi dönəmində bu faydalı sahənin genişləndirilməsinə 1960-cı illərə qədər əhəmiyyət verilməyib. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycana rəhbərliyə gəlişi ilə 1969-cu ildən sonra bir çox sahələr kimi, üzümçülük də genişləndirilib, bu gəlirli sahənin inkişafına qayğı ilə yanaşılıb. Xüsusi ilə, 1970-ci illərdə qədim Naxçıvan torpağında tütünçülük və pambıqçılıqla məşğul olan az gəlirli kolxoz və sovxozlarda üzüm sahələri yaradıldı.

Bu illərdə öz üzümü ilə şöhrətlənən Culfa rayonunda da üzümçülük sahələri genişləndirildi. Culfa düzündə, Yaycı, Dizə, Ərəzin, Əbrəqunus, Kırna, Saltaq kəndlərində yeni üzüm bağları salındı. Həmin dövrdə Culfa düzündə becərilən üzüm sahələrindən yüksək şəkərli üzüm sortları ittifaqda tanınmağa başladı. Culfa düzünün süfrə üzümü Moskvaya Kremlə göndərildi.

Ötən əsrin 70-80-ci illərində rayonumuzda üzümçülüyün genişləndirilməsi sayəsində əhalinin maddi rifah halı yaxşılaşdı. Bundan ruhlanan təsərrüfat adamları üzüm sahələrini genişləndirir, yeni-yeni üzüm sortları əkərək bol məhsul əldə edirdilər. 1980-ci illərdə ittifaq rəhbərliyinin  uğursuz yenidənqurma siyasəti üzüm sahələrinin qırılmasına, ləğv olunmasına gətirib çıxardı. Bu gəlirli sahə bir göz qırpımında ləğv olundu.

Ancaq Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı, qəbul etdiyi qərarlar muxtar respublikamızda eləcə də Culfa rayonunda da üzümçülüyün genişləndirilməsinə müsbət təsir göstərdi.

Təsərrüfat adamları öz həyətyanı sahələri ilə yanaşı mülk torpaqlarında yeni-yeni üzüm sortları əkib becərməyə başladılar. Bu gün Culfa düzündə üzümlüklərin bərpa olunması istiqamətində atılan addımlar təqdirəlayiqdir. Hazırda Culfa düzündə, bir çox kəndlərimizdə ayrı-ayrı təsərrüfat adamları yeni üzüm bağları salmış, daxili bazarda üzüm və üzüm məhsulları artmışdır. Bu faydalı, gəlirli sahəni inkişaf etdirmək muxtar respubilka əhalisini yüksək keyfiyyətli süfrə üzümü ilə təmin etmək bazar iqdisadiyyatı dövründə çox səmərəlidir. Bu gün üzüm kollarının yararsız torpaqlarda əkilməsi həm də yeni-yeni yaşıllıq zolaqları salınması deməkdir. Hazırda Culfa Karbon Qazı zavodunun ətrafında  geniş üzüm sahəsinin ərsəyə gəlməsi, rayonumuzun bir çox kəndlərində yeni üzüm bağlarının salınması bir daha göstərir ki, rayonumuzda üzümçülük yenidən inkişaf etdirilir. Culfa üzümü öz əvvəlki şöhrətini özünə qaytarır.

 

Ədalət  Cəfəroğlu

“Arazın səsi” qəzeti

 

                             

                            

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: