Əlincə kəndinə yeni su xətti çəkilir

A- A A+

Muxtar respublikamızın bütün bölgələrində olduğu kimi, Culfa rayonunda da yeni su xətlərinin çəkilişi, ulu babalarımızdan bizə yadigar qalmış kəhrizlərin bərpa olunması daim diqqət mərkəzində saxlanılır. Mövcud su ehtiyatlarından səmərəli istifadə olunması, kaptaj üsulu ilə yaşayış məntəqələrinə içməli su xətlərinin çəkilməsi, yaşayış məntəqələrinin həm suvarma, həm də içməli su ilə təchizatı məsələsi rayon Meliorasiya və Su Təsərrüfatı İdarəsinin apardığı məqsədyönlü işlər nəticəsində daim yaxşılaşır.

Rayon Meliorasiya və Su Təsərrüfatı İdarəsi Bənəniyar, Göydərə, Xoşkeşin, Xanəgah, Ərəfsə, Boyəhməd, Gülüstan və başqa kəndlərə içməli su xətləri çəkərək əhalinin tələbatının yaxşılaşdırıb. Bu bir həqiqətdir ki, Culfa rayonunda əhalinin içməli suya olan tələbatı tam  ödənilir.

Hazırda  rayon əhalisinin istər içməli su, istərsə də təsərrüfat suyu ilə təminatını yaxşılaşdırmaq məqsədi ilə istismar müddətini başa vurmuş su kəmərlərində yenidənqurma tədbirləri aparılır, hidrotexniki qurğular, su kəmərləri işlək vəziyyətə gətirilir.

Bu günlərdə rayonun Əlincə kəndində əhalinin içməli suya olan tələbatının yaxşılaşdırılması məqsədi ilə Əlincə çayı üzərindəki Xanəgah kəndi yaxınlığında yerləşən vadidən müxtəlif diametrli borulardan istifadə etməklə, ümumilikdə, 400 metr məsafədən yeni içməli su xəttinin çəkilişinə başlanıb. Bunun üçün keçən əsrin 70-ci illərində çəkilmiş, bu gün istismar müddətini başa vurmuş, yararsız hala düşmüş köhnə kaptaj xəttinin tamamilə yenilənməsi nəzərdə tutulub.            

Yeni  borularla kəndə gətiriləcək içməli su xətti Əlincə kəndində əhalinin içməli suya olan tələbatını xeyli yaxşılaşdıracaq. Hazırda Əlincə çayı vadisində yeni su xəttində boruların çəkilməsi üçün dərinliyi 2-3 metr olan kanal qazılır. Yeni xəttin üzərində iki baxış quyusu quraşdırılacaq. Su xəttinin çıxış hissəsində 120 metr uzunluğunda 219 millimetrlik dəmir borular yenisi ilə əvəz olunacaq. Su xəttinin 200 metrdən çox hissəsi qazılıb. Kənddə suyun paylanması üçün bir əsas, iki köməkçi supaylayıcı quraşdırılıb. Bu isə kənddə 80 yaşayış evinə su xəttinin çəkilişinə təminat verir ki, bu da kənd əhalisinin 60 faizini əhatə edir. Hazırda işlər sürətlə aparılır.

     

                                                             “Arazın səsi” qəzeti

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: