Muxtar respublikanın «Qırmızı kitab»ına daxil edilən nadir onurğalı heyvanlar

A- A A+

Muxtar respublikamızın Batabat, Biçənək, Üçqardaş, Havuş, Qaraquş, Gəmiqaya, Əshabi-Kəhf, Göygöl, Soyuqdağ və sair bu kimi ərazilərinə səyahət edərkən hündür dağlardan, qayalı yamaclardan, sərin bulaqlardan, giləmeyvəli və güllü-çiçəkli çəmənliklərdən zövq alır, təbii gözəlliklər qarşısında baş əyirik. Bu gözəllikləri daha da zənginləşdirən amillər içərisində heyvanat aləmi – fauna da xüsusi əhəmiyyət kəsb edir. 

Ümummilli liderimiz Heydər Əliyevin təbiətimizin öyrənilməsi, qorunması və gələcək nəsillərə çatdırılması ilə bağlı tövsiyələrini uğurla həyata keçirən Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 15 avqust 2006-cı il tarixdə imzaladığı Sərəncama əsasən nəşr olunan «Naxçıvan Muxtar Respublikasının Qırmızı kitabı»ndakı faktlardan məlum olur ki, Azərbaycan Respublikasında 633 növ onurğalı heyvan yaşayır və onların 371-i muxtar respublikamızın ərazisindədir. Respublikanın digər bölgələrində yaşayan onurğalı heyvanların 68-i nadir növlər sırasına düşmüşsə, Naxçıvanda bu rəqəm 71-dir.

Azərbaycan Respublikası ərazisində mövcud olan 97 növ balıqdan muxtar respublikamızda 29-u yaşayır. Daxili suları o qədər də böyük olmayan muxtar respublikada balığın başlıca yayılma yerləri əsasən Araz, Arpaçay, Sirab, Uzunoba, Nehrəm, Dəstəgöl, Vayxır su anbarları, Araz, Naxçıvançay, Arpaçay, Əlincəçay, Gilançay, Vənəndçaydır. Bu su   hövzələrində çəki, xramulya, şirbit, naqqa, Qafqaz gümüşçəsi, qıcovçu, qumlaqçı və qambuziya balığı daha çox yayılıb.

Ümumiyyətlə Naxçıvan su anbarlarında 22 növ və 2 forma balıq yayılıb. Bunlar  6 fəsilədə cəmləşib ki, onların da 12 növü sənaye əhəmiyyətlidir. Arpaçay dəryaçasında isə 7-si təsərrüfat əhəmiyyətli, 4-ü qorunan olan 11 növ balıq yaşayır.

Muxtar respublika ərazisində qızılxallı balıq növü də vardır. Bu balıq nadir növlər qrupuna daxil olduğundan «Qırmızı kitab»a salınıb və Ordubad rayonundakı Unusçay və Gilançay sularında yaşayır. Qızılxallı balığa Saqqarsuda da rast  gəlinir.

Dünyadakı 2 min 500 növ suda-quruda yaşayanların Azərbaycan ərazisində 10, muxtar respublikada 6 növü mövcuddur.

Onurğalılar fəsiləsinə daxil olan 7 minədək sürünənin 52 növü respublikamızda, o cümlədən 35 növü muxtar respublikamızda yayılıb. Muxtar respublikamızda 1 növ tısbağa, 5 növ pulcuqlular, 4 növ ilan «Qırmızı kitab»a salınıb. Bu sürünənlərin yayılma coğrafiyası da müxtəlifdir. Belə ki, Aralıq dənizi tısbağasına orta dağlıq zonalarda, yovşanlıq girdabaş kərtənkələsinə Arazboyu ərazilərdə, Kiçik Asiya gürzəsinə isə Havuş kəndində, Qaraquş yaylağında, Batabatda və digər yerlərdə rast gəlinir. Pulcuqluların müxtəlif növləri isə muxtar respublikamızın digər ərazilərində mövcuddur.

Yer kürəsində olan təqribən 8 min 600 növ quşun 366-sı respublikamızda, o cümlədən 241 növü Naxçıvan ərazisində yayılıb. Bu quşlardan çəhrayı qutan, qıvrımlələk qutan Araz və Arpaçay dəryaçalarında, kiçik qarabattaq, ərsindimdik, adi filaminqo (qızılqaz), ağqaş qaz, harayçı qu, mərmər cürə, ağgöz qaraördək, adi göydimdik Araz su qovşağında, çöl belibağlısı və ilanyeyən Arazboyu düzənliklərdə, Avropa tüvüyü Biçənək meşəsində, imperator qartalı və berküt (qaraquş) orta və yüksək dağlıq ərazilərdə, ağquyruq sahil qartalı, dovdaq, çivdimdik, çöl muymulu Araz dəryaçası və Araz çayı sahillərində, toğlugötürən saqqalı qartal qayalıq və sıldırımlı ərazilərdə yaşayır.

Qara kərkəs seyrək ardıc meşələrində, ağbaş kərkəs, şahin Şərur rayonunun Qaraquş, Ordubad rayonunun     Gilançay ərazilərində, Xəzər uları dəniz səviyyəsindən 2,5-3,5 min metr hündürlükdə olan dağlıq yerlərdə, səhra kəkliyi isə alçaq təpəlik ərazilərdə mövcuddur.

Qəşəng dovdaq, çığırqan çökükburun, çöl haçaquyruğu Arazboyu maili düzənliklər və orta dağlıq zonalarda, qarabaş güləyən Araz dəryaçasında, qaraqarın bağrıqara, ağqarın bağrıqara Arazboyu düzənliklərdə, Böyükdüz və Culfa ərazilərində məskunlaşıb. Buynuzlu alp torağayı, qıvrımbaş alaçöhrə, köl­gəlik yarpaqgüdəni, böyük qayalıq sittası, qırmızıqanad qırmanc dağətəyi və yüksək dağlıq ərazilərdə, ağboğaz bülbül Ordubad rayonunun dağlıq yerlərində, səhra qaraquşu isə Culfa rayonununun dağlıq hissəsində və Aza kəndi ərazisində yayılıb. Adıçəkilən quşlar «Qırmızı kitab»a daxil edilib. 

Muxtar respublikamızda məməli heyvanların da çəkisi böyükdür. Belə ki, yer üzündə 4 min 675 növə malik olan məməlilərdən Azərbaycan Respublikası ərazisində 107 növü yaşayır. Muxtar respublika ərazisində isə bunların 60 növünə rast gəlmək olar ki, onların da 20-si «Qırmızı kitab»a daxil edilib. Məlumat üçün bildirək ki,  bu rəqəm Azərbaycan üzrə 14-dür. «Qırmızı kitab»a daxil edilən yarasalardan kiçik nalburun, menili nalburnunu, blazius və ya Aralıq dənizi nalburunu, Cənub nalburunu, qonur palazqulaq yarasa, adi uzunqanadlı yarasalar orta dağlıq zonalarda, mağara və ağac ovuqlarında kiçik dəstələrlə yaşayırlar. Gəmiricilərdən hind tirəndazına (oxlu kirpiyə) ən çox Ordubad rayonunun ərazisində, Kiçik Asiya dağ ərəbdovşanına Böyükdüz və Culfa düzü ərazilərində, kəsəyən dağ sıçancığına isə orta dağlıq zonalarda rast gəlinir.

Yırtıcılardan çöl pişiyi və manul Arazboyu ərazilərdə, vaşaq meşə-kolluq və qayalıq ərazilərdə, bəbir (qaplan) Dərələyəz və Zəngəzur silsiləsinin keçilməz sıldırım qayalı, qismən meşəli-kollu zonalarda yaşayır. Cütdırnaqlılardan isə bezoar keçisi və ya qaya keçisi dəniz səviyyəsindən  min metrdən yüksək olan ərazilərdə, muflon isə orta dağlıq zonada və hündür dağlarda yayılıb.

Qeyd edilənlərdən göründüyü kimi, muxtar respublikamızın ərazisində flora və fauna zəngin olmaqla yanaşı, bir kompleksdir. Onların qorunub artırılması üçün əməli tədbirlər həyata keçirilir. Bunun nəticəsidir ki, Qafqaz ekoregionunda mövcud olan qoruq, yasaqlıq və milli parkların çəkisinə görə muxtar respublikamız ön cərgədə dayanır. Belə ki, Qafqaz ekoregionunda 47 qoruq, 22 milli park və 161 yasaqlıq və ya təbiət parkları fəaliyyət göstərir ki, onlar da ümumilikdə regionun 9,6 faizini əhatə edir. Azərbaycan Respublikası üzrə bu rəqəm 7 faizə yaxındır. Naxçıvan Muxtar Respublikası üzrə isə 148 min hektar, yəni 20 faiz təşkil edir. Onu da qeyd edək ki, inkişaf etmiş ölkələrdə bu rəqəm 8-10 faiz arasında dəyişir.

Göründüyü kimi, muxtar respublikamızda ekoloji tarazlığın qorunub saxlanılması sahəsində ölkə rəhbərliyinin yürütdüyü siyasət öz nəticəsini verməkdədir. Bu siyasətin əsas məqsədi indiki və gələcək nəsillər üçün ekoloji sistemlərin, iqtisadi potensialın qorunması və təbii ehtiyatlardan səmərəli istifadə edilməsi ilə davamlı inkişafın təmin olunmasıdır.

Vaqif Cabbarov,

Şərur Rayon Təhsil Şöbəsinin əməkdaşı

“Şərurun səsi” qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: