Payız kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlikdə birləşən Gülşənabad Babək rayonunun kiçik yaşayış məntəqələrindəndir. Sovet dönəmindən yığılıb qalan sosial problemlər artıq bu kənddə də uğurla öz həllini tapacaq. Belə ki, cari ilin mart ayından etibarən Gülşənabadda kompleks quruculuq işləri başlanıb. Burada 144 şagird yerlik tam orta məktəb binası tikilir. Müasir layihə əsasında qurulacaq məktəb ikimərtəbəli olacaq. Burada müxtəlif fənn kabinələri, laboratoriyalar, şahmat sinfi, elektron lövhəli siniflər fəaliyyət göstərəcək.
Burada kənd və xidmət mərkəzləri də inşa olunur. Hər iki sosial obyektin tikintisi uğurla aparılır. Eyni zamanda Gülşənabadı Cəhri kəndi ilə birləşdirən 140 metrlik körpü də yenidən qurulur. Quruculuq işləri çərçivəsində Gülşənabadda evlərə yeni su xətti çəkilir, beş kilometrlik kənddaxili yollar abadlaşdırılır. Yollarda bərkitmə işləri başa çatdırıldıqdan sonra asfalt örtük veriləcək.
Rayonun Kültəpə kəndində də kompleks quruculuq işləri aparılır. Kənddə 360 şagird yerlik məktəb binasının tikintisi aparılır. Burada 20 sinif otağı, 1 kompüter, 2 elektron, 1 şahmat sinfi, 3 laboratoriya, kitabxana, hərbi kabinə və idman zalı tikiləcək.
Burada kənd mərkəzi və həkim ambulatoriyası da tikilir. Üç mərtəbəli tikiləcək binanın birinci mərtəbəsində həkim ambulatoriyası, rabitə şöbəsi və avtomat-telefon stansiyası yerləşəcək. İkinci və üçüncü mərtəbələrdə isə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, YAP ərazi ilk təşkilatı və digər qurumlar fəaliyyət göstərəcək.
Kənddə tikilən digər bir obyekt isə xidmət mərkəzidir. Burada ərzaq, təsərrüfat malları mağazaları, bərbər, gözəllik salonu, ət satışı mağazası olacaq. Kəndin yolları, rabitə və elektrik xətləri də əsaslı təmir ediləcək. Tikilən obyektlərin ərazilərində müasir işıqlandırma sistemləri qurulacaq və yaşıllıqlar salınacaq.
“Şərqin səhəri” qəzeti