NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə cəzaçəkmə müəssisəsindən azad olunmuş şəxslərin vakant iş yerlərinə göndərilməsi, müvafiq peşə və ixtisaslara yiyələnməsi üçün peşə hazırlığı kurslarına cəlb olunması, özünüməşğulluqlarının həyata keçirilməsi ilə bağlı tədbir keçirilib. Tədbirdə bildirilib ki, 2019-cu il ərzində cəzaçəkmə müəssisəsindən azad olunan 4 nəfər şəxs özünüməşğulluq proqramına cəlb olunub. Bununla yanaşı, cəzaçəkmə müəssisəsində “Daş duz üzərində oyma” və “Xalçaçı” kursları təşkil olunub və bu kurslarda 18 nəfər məhkum iştirak edib.
Eyni zamanda, qeyd olunub ki, cari il ərzində cəzaçəkmə müəssisəsindən azad olunmuş 67 şəxsə birdəfəlik müavinət ödənilib.
Mövzu ətrafında cəzaçəkmə müəssisəsindən azad olunmuş şəxsləri maraqlandıran suallar cavablandırılıb.
Tədbirin sonunda iştirakçılara maarifləndirici bukletlər təqdim olunub.
Vüsal Muradov