Naxçıvanda məktəbli yarmarkası keçirilir - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclis Sədrinin tapşırığına əsasən Naxçıvan Muxtar Respublikası Təhsil və İqtisadiyyat nazirliklərinin təşkilatçılığı ilə Naxçıvan şəhərinin Xətai küçəsindəki Mərkəzi bazarda və rayonlarda ənənəvi məktəbli yarmarkası təşkil olunub. Yarmarka hər gün saat 9:00-dan 14:00-a kimi əhaliyə xidmət göstərəcək. Yarmarkada 3-ü istehsalçı olmaqla, 24 sahibkarlıq subyekti iştirak edir.
Tədbirdə həmçinin Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Rəhman Məmmədov və Naxçıvan Muxtar Respublikası İqtisadiyyat naziri Tapdıq Əliyev iştirak ediblər.
Yarmarkada dərs ləvazimatları, məktəbli və idman formaları, məktəbli çantaları və başqa ləvazimatlar alıcılara digər satış yerlərindən 10-15 faiz aşağı qiymətə təklif olunur.
Qeyd edək ki, yarmarka Naxçıvan şəhəri, Şərur, Babək, Ordubad, Kəngərli, Şahbuz və Sədərək rayonlarının hər birində 1, Culfa rayonunda isə 3 ünvanda olmaqla, ümumilikdə 10 ünvanda təşkil olunacaq və sentyabr ayının 15-dək davam edəcək.
Xanım Rüstəmzadə