Xalq artisti: “Naxçıvan qeyri-adi bir məkandır” - FOTOLAR
Naxçıvanda səfərdə olan Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru, Xalq artisti Məmmədsəfa Qasımov bu günlərdə “NUHÇIXAN” İnformasiya Agentliyinin qonağı oldu. Hamımızın Məmməd Səfa kimi tanıdığımız teatr və kino aktyoru ilə etdiyimiz söhbəti izləyicilərimizə təqdim edirk.
-Salam. Məmmədsəfa müəllim, xoş gəlmisiniz. Sizi Naxçıvanda görməkdən şadıq. Düzdür qonaqdan gəlişinin məqsədini soruşmazlar. Amma bizim üçün maraqlıdır. Naxçıvana gəlişinizin səbəbi nədir?
-Əvvəla salam, hər vaxtınız xeyir olsun! Bu gün Naxçıvan sevdiyim Azərbaycanımızın bir parçasıdır. Bu gün burada olmaq mənim üçün çox xoşdur. Burada olmağımın məqsədi avqust ayının 2-dən Naxçıvan Dövlət Televiziyası və Radiosunda düzgün danışıq və nitq mədəniyyəti ilə bağlı əməkdaşlarla dərslər və məşğələlər keçirdik. Həftədə hər gün iki dəfə dərslərimiz oldu, saat 11-dən 13-ə və 16-dan 18-ə kimi. Hər dəfə də 50-yə yaxın gənc və peşəkar jurnalist məşğələlərdə iştirak edirdi.
-Jurnalistlərin peşəkarlığı necə idi, sizi qane etdimi?
-Mən hesab edirəm ki, Naxçıvan televiziyası bu gün Azərbaycan teleməkanında ən gözəl, ən səmimi, ən baxımlı telekanallardan biridir, çünki burada həqiqətən çox istedadlı insanlar çalışırlar. Bu televiziyanın verilişləri səviyyəsinə və mövzusuna görə bir çox kanallara nümunə ola bilər. Bir söz var, ailənizin televiziyası. Mən deyərdim bu ifadə Naxçıvan televiziyası üçün daha uyğundur. Mən bunu söz üçün demirəm. Məşğələlərə gəldikdə bu auditoriya, belə deyək də, universitet auditoriyası deyil, peşəkar jurnalistlərin auditoriyası idi. Bu gün burada Ramilə Kazımova, Sevinc Qədimova, Məmməd Babayev, Ramal Məmişov, Aygün Hüseynli, Lalə Zeynalova, Mətin Abbaslı və adını çəkmədiyim nə qədər istedadlı jurnalist çalışır. Onların hər biri də öz sahəsində ustalığa doğru addımlayırlar. Elə istedadlı gənclər var ki, öz üzərində işləsələr, doğrudan da bu gün Naxçıvan televiziyası yox, Azərbaycan teleməkanında lazım olan yerləri tuta bilərlər. Amma yenə də öz üzərlərində çox ciddi şəkildə işləməlidirlər .
-Bəs buna necə nail olmalıdırlar?
-Mən bu insanlara həqiqətən vuruldum, həqiqətən mən onların peşəkar olmalarına şəkki-şübhəm qalmadı. Sadəcə, mən hesab edirəm ki, kimliyindən asılı olmayaraq, istər peşəkar oldu, istərsə də bu işə yeni başlayan gənc oldu, mütləq öz üzərində işləməlidir. Televiziya və radio adamı elədir ki, bu gün öz üzərində işləmirsə, öz üzərində bu məsələləri dönə-dönə yoxlamırsa, mütəmadi nitqi ilə işləmirsə o bu çalışmaları artıq artikulyasiya gimnastikasından tutmuş, masaj məşğələlərinə qədər etmirsə, hesab edirəm ki, o nəticəni əldə edə bilməyəcək.
-Məmmədsəfa müəllim, layihənin özü necə, sizi qane etdimi?
-Əslində etiraf edim ki, bu məndən ötrü də yeni bir şey idi, çünki, mən həmişə aktyorların dərs aldığı universitet auditoriyasına öyrəşən bir insan kimi, birdən-birə jurnalistlərlə görüşmək, yəni onlarla öz təcrübəsini bölüşmək, belə deyək bu məsələləri onların qarşısına qoymaq mənim üçün də böyük məsuliyyət idi, çünki mən hesab edirəm ki o insanlar peşəkar insanlardır, kifayət qədər qərarları olan, sözləri olan insanlardır. Yəni belə insanlarla üz-üzə oturmaq, hansısa bir məsələləri bölüşmək asan məsələ deyil, məsuliyyətli məsələdir, məsuliyyətli işdir. Layihəyə gəlincə, çox gözəl bir təşəbbüsdür. Bu nəinki televiziyalarda keçirilməli, bu layihələr hətta orta məktəblərdə tətbiq edilməlidir. Məncə bütün ali məktəblərin, orta məktəblərin dərs yükünə nitq mədəniyyəti salınmalıdır, mütləq. Çünki oradan başlayır, oradan gəlir hər şey. Bilirsiniz, mən belə hesab edirəm ki, ictimaiyyətlə əlaqələri olan, cəmiyyətlə ünsiyyət quran hər kəs yaxşı danışıq və düzgün tələffüzə sahib olmalıdır. Bu baxımdan Naxçıvan teleradiosu və digər təşkilatların gerçəkləşdirdiyi bu layihə çox vacib və hətta uğurlu bir işdir. O da var ki, jurnalist göz qabağında olduğu üçün o dəqiqə deyirlər ki, filan jurnalist danışa bilmir, ləhcəsi var. Cəmiyyətdə adamlar var ki sərbəst danışa, fikirlərini aydın şəkildə çatdıra bilmirlər. Mən belə hesab edirəm ki, ləhcədə danışmaq olar, hər hansısa bir sözü düzgün deməmək olar, əsas mətinin məntiqini ortalığa qoya bilirəmmi, baxın ən böyük problem bundadır. Bunu isə aradan qaldırmaq üçün, mən hesab edirəm ki, sən həqiqətən kimliyindən asılı olmayaraq, mütləq mütaliə etməlisən. Naxçıvanda “Oxunması zəruri olan kitabların siyahısı” var. Bu bilirsiniz nə deməkdir? Bu təkcə insanların mütaliə vərdişləri, dünyagörüşləri demək deyil, həm də onların düzgün danışmaq vərdişləri üçün hesablanmış addımdır. Yəni kitab oxuyanda çalışmaq lazımdır ki, ucadan oxunsun. Onda düzgün tələffüz də formalaşır. Bu gün aktyor kimi mən bunları öz üzərimə götürüb deyirəm ki, əgər Məmmədsəfa nitqi üzərində işləmirsə mütəmadi şəkildə, təsəvvür et, aparatı yerində deyilsə, sağlamlığı yerində deyilsə və bu adam günün tələblərinə cavab verə bilmirsə, fərdi şəkildə öz mütaliə, müşahidə qabiliyyətini artırmırsa, bunun günahı kimdə olacaq, əlbəttə məndədir. Rejissor gəlib mənim yerimə işləməli deyil ki?! Və mən də fərdi şəkildə öz üzərimdə işləməliyəm, jurnalist də, məktəbdə müəllim də öz üzərində fərdi şəkildə işləməlidir. Təkrar edirəm, şagirdlərə, həkimlərimizə bu fənn keçirilməlidir. Axı tibdə o da var ki həkimin xəstə ilə davranışı və danışığı da onu sağaldan amillərdəndir.
-Qeyd elədiniz ki, Naxçıvan teleradiosunda yaxşı, istedadlı jurnalistlər var. Sizcə kursun nəticəsini tezliklə görəcəyikmi?
-Mən bir şey deyim, insan gərək mütəmadi öz üzərində işləsin. Televiziya və radio jurnalistinin bu baxımdan öz üzərində mütəmadi işləməsi tələb olunur. Əgər mütəmadi öz üzərimdə işləyirəmsə, mən nitqimi yerbəyer eləməyə artıq özümdə bir güc tapa bilərəm. Bunu vaxt həll etməlidir, bu bir günün, iki günün işi deyil. Təsəvvür edin, biz Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində üç ilin, hərəsi də iki semestr olmaqla, altı semestrin dərs yükünü bir aya sığışdırdıq və bu vaxt etibarı ilə çox az bir müddətdir. Yenə də hər şey jurnalistlərin özlərindən asılıdır. Amma yenə də gələcəkdə bu cür kurslar nəzərdə tutularsa mən bunu özümə bir borc hesab edirəm, ki mən gəlməliyəm, orada olmalıyam və bildiklərimi gənclərə öyrətməliyəm,
-Naxçıvanın müxtəlif yerlərində oldunuz. Naxçıvanda ancaq jurnalistlərlə görüşdünüz, yoxsa daha geniş auditoriya ilə?
-Mən bura əvvəl qızımla gəlmişdim, Duzdağa gətirmişdim onu müalicəyə aparmışdım. Həmin müddətdə Naxçıvanda küçədə, dükanda, bazarda, təsəvvür edin, insanlarla görüşəndə mənə necə səmimi şəkildə yaxınlaşıb salamlaşırdılar, şəkil çəkdirirdilər. Bu ərəfədə əsgərlərimizlə görüşdük, onlarla birlikdə “Dolu” filminə baxdıq. Nə qədər vətənpərvər oğullar var. Düzünü deyim ki, bu münasibət mənim özümü də çaşdırmışdı. Bu qədər səmimi, bu qədər rahat olmaq olar sən demə. Adamlar o qədər səmimi, o qədər rahat qarşılayırlar ki məni, elə səmimi görüşlər ki, elə bil ki, biz çoxdanın tanışları, çoxdanın dostlarıyıq.
-Bu təbii ki sizin sənətinizə, rollarınıza və kinoya verilən tamaşaçı qiyməti, sevgisidir.
-Bəli, məni bir aktyor kimi tanıyırlar, yaxınlaşırlar. Söhbət edirlər. Qızım mənə deyir, səni Naxçıvanda daha çox tanıyırlar, nəinki Bakıda. Bilirsiz, bu insanların rahatlığından, səmimiyyətindən irəli gəlir. Naxçıvan insanı safdır, elə Naxçıvanın özü kimi təbiidir. İnsan səmimi olanda istəyir ki, ürəyindəki hər bir şeyi qarşısındakı ilə bölüşsün, bax bu mənada Naxçıvan mənim üçün çox qəribə bir məkandır. Belə deyək, Naxçıvan qeyri-adi bir məkandır, mənim üçün, insanları da qeyri-adi insanlardı.
-Daha çox nəyi ilə yadınızda qalacaq Naxçıvan?
-Naxçıvanın dağları, Naxçıvanın təbiəti. Mən hesab edirəm ki, Naxçıvanın coğrafiyası, dağları, qayaları, rəngli torpağı kino aktyor gözü ilə baxsaq, Allahın verdiyi açıq kinopavilyonlardır. Mən çox istərdim ki, Naxçıvanda kinostudiya olardı və onda bura mərkəzə çevrilərdi. Belə olanda təsəvvür edin, burada filmlər çəkilərdi. Qonşu ölkələrdə- İranda, Türkiyədə kino inkişaf edir. Bu kinoların görüş yeri Naxçıvan ola bilərdi. Bu qarşılıqlı yaradıcılıq tandemi yarada bilər. Bundan başqa, Naxçıvanın təbiəti, Naxçıvanın gözəllikləri, nə bilim, mən bunu sözlə dilə gətirə bilmirəm. Özünüz bilirsiz ki, mən nə qədər heyranam Naxçıvanın dağlarına, o çöllərə, o təbii pavilionlara. Hansı mövzuda deyirsən burada filmlər yaratmaq olar. “Babək” və “Nəsimi” filmləri buna bir daha əyani misaldır.
Bir şeyi də qeyd edim ki, məşhur Hollivud ulduzu Mel Gibson Xocalı faciəsi ilə bağlı yaxında film çəkəcək. Onun çəkiliş yeri isə Türkiyənin Naxçıvanla sərhədində yerləşən İğdır şəhəri olacaq. Amma mən çox istərdim ki, o film Naxçıvanın coğrafiyasında çəkilsin. Çünki İğdırla müqayisədə Naxçıvan təbiəti daha zəngindir. Məhz bu baxımdan Naxçıvanı daha güclü şəkildə təbliğ etmək lazımdır. Burada müasir dövrdə bircə dənə film çəkilsə dünyanın kino mütəxəssisləri mütləq ikinci dəfə də buranın təbiətini seçərlər. Burada kino çəkilsə mən və digər sənətkarlar sevinə-sevinə orada iştirak edərik.
-Müsahibə üçün çox sağ olun.
Səməd Canbaxşiyev