Naxçıvanda 1 İyun – Uşaqların Beynəlxalq Müdafiə Günü qeyd olunub - FOTOLAR

A- A A+

İyunun 1-də Naxçıvan Dövlət Musiqili Dram Teatrında Uşaqların Beynəlxalq Müdafiə Günü münasibətilə tədbir keçirilmişdir.

NUHÇIXAN xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə istedadlı uşaqların əl işlərindən və rəsm əsərlərindən ibarət sərgiyə baxmışlar.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Rəhman Məmmədov tədbirdə çıxış edərək demişdir ki,  uşaqların fiziki və mənəvi cəhətdən sağlam, vətənpərvər ruhda tərbiyəsi diqqətdə saxlanılır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin qayğısı ilə uşaq bağçaları, ümumtəhsil məktəbləri, məktəbdənkənar təhsil müəssisələri, uşaq musiqi məktəbləri tikilərək və ya yenidən qurularaq uşaqların istifadəsinə verilmişdir. Ümumtəhsil məktəblərində maddi-texniki baza gücləndirilmiş, elektron təhsilin tətbiqi genişlənmiş, zəngin kitabxana fondları yaradılmışdır. Bütün bunlar isə tədrisin keyfiyyətini artırmış, uşaqların bilikli, yüksək dünyagörüşə malik vətəndaş kimi formalaşmasına geniş imkanlar yaratmışdır.

Qeyd olunmuşdur ki, xüsusi yaradıcılıq potensialı və qabiliyyəti ilə seçilən uşaqlar da diqqətdə saxlanılmış, istedadlı uşaqların adı “Gənc istedadların “Qızıl kitabı”na yazılaraq onlara xüsusi təqaüdlər verilir. Uşaqların istifadəsinə filarmoniya və teatrlar, kitabxana və yaradıcılıq mərkəzləri, idman və şahmat məktəbləri verilmişdir. Muxtar respublikada sağlamlıq imkanları məhdud uşaqların da hərtərəfli qayğı ilə əhatə olunduğunu, onların təhsilə cəlbi, cəmiyyətə inteqrasiyası və reabilitasiyasının diqqət mərkəzində saxlanıldığını bildirən Rəhman Məmmədov uşaqları təbrik etmiş, onlara təhsillərində uğurlar  arzulamışdır.

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova bildirmişdir ki, bu gün muxtar respublikamızda dövlət uşaq siyasəti uğurla həyata keçirilir. Muxtar respublikada 215 ümumtəhsil məktəbi, 26 uşaq musiqi məktəbi, 21 məktəbəqədər, 36 məktəbdənkənar təhsil müəssisəsi fəaliyyət göstərir ki, onların da əksəriyyəti müasir şəraiti olan binalarla təmin edilmişdir. Ümumtəhsil məktəblərində 600-dən çox elektron lövhə quraşdırılmış, 87 faizi internetə qoşulmaqla, hər 11 şagird 1 kompüterlə təmin olunmuşdur. Bu gün uşaqların peşə təhsilinə cəlbi də qarşıda duran əsas vəzifələrdəndir. 2017-2018-ci tədris ilində 3500-dən çox uşaq maraqlarına uyğun peşə və ixtisaslara yönləndirilmişdir.

Sonra tədbirdə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən təhsil, idman, incəsənət nominasiyaları üzrə ilin ən yaxşı 25 istedadlı uşağına hədiyyələr və fəxri fərmanlar təqdim olunmuşdur.

Tədbirin bədii hissəsində muxtar respublikada fəaliyyət göstərən məktəbəqədər və məktəbdənkənar tərbiyə müəssisələrinin, musiqi məktəblərinin, folklor qrupları kollektivlərinin, o cümlədən Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin "Əlvan çiçəklər" və Naxçıvan Dövlət Uşaq Filarmoniyasının mahnı və rəqs ansambıllarının çıxışları olmuşdur.

Səbuhi HƏSƏNOV

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: