Naxçıvanın teleradio və mətbuat işçiləri Dövlət Tarix Muzeyində olublar - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvanın teleradio və mətbuat işçiləri Dövlət Tarix Muzeyində olublar. Muzeydə olan teleradio və mətbuat işçilərinə bildirilib ki, Naxçıvanın tarixi çox zəngindir. Bu zənginlik Naxçıvan Dövlət Tarix Muzeyinin ekspozisiyasında da öz əksini tapıb. Diqqətə çatdırılıb ki, diyarımızın qədim tarix və mədəniyyət nümunələrinin qorunub saxlandığı Naxçıvan Dövlət Tarix Muzeyinin yaradılmasından 95 il ötür. 1924-cü il oktyabrın 30-da Naxçıvan şəhərində qurulan ilk Tarix-Etnoqrafiya Muzeyi maddi-mədəniyyət nümunələrinin qorunması və gələcək nəsillərə çatdırılmasında böyük rol oynayıb. Bu gün 49 mindən çox eksponatın mühafizə olunduğu muzey həm ölkə vətəndaşlarının, həm də xarici qonaqların ən çox ziyarət etdiyi mədəniyyət ocaqlarındandır.                                                

Bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri avqustun 2-də Naxçıvan Dövlət Tarix Muzeyinin 95 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalayıb. Həmin Sərəncamla xalqımızın tarixi-mədəni irsinin toplanması, qorunması, tədqiqi və təbliğindəki əhəmiyyəti nəzərə alınaraq Muzeyin 95 illik yubileyinin geniş qeyd edilməsi məqsədilə Tədbirlər Planı da təsdiq edilib. 

Diqqətə çatdırılıb ki, muzey nəinki mədəni xidmət ocağı, həm də elmi-tədqiqat bazası kimi fəaliyyət göstərir. Burada  səyyar sərgilər təşkil olunur, görüşlər, elmi-nəzəri və təcrübi konfranslar, açıq və virtual dərslər, dəyirmi masa və digər maarifləndirici tədbirlər keçirilir.

Vurğulanıb ki, son illər muzeyin zənginləşdirilməsi istiqamətində də bir sıra işlər həyata keçirilib, muxtar respublika sakinləri tərəfindən muzeyin fonduna minlərlə eksponat təqdim edilib.

                                                                                        

                                                                              Turab Hacızadə

                                                          

 

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: