Aparılan quruculuq tədbirləri Ərəfsəyə xüsusi gözəllik bəxş edib - FOTOLAR

A- A A+

Odlar yurdu Azərbaycanın ayrılmaz tərkib hissəsi Naxçıvan olduqca əlverişli coğrafi şəraitdə yerləşir. Bu il muxtariyyət əldə etməsinin 95 illiyini qeyd edən bu qədim torpaq təcavüzkar və xain qonşularımız ermənilərin blokadası şəraitində yaşamasına baxmayarak, sürətlə inkişaf edir, şəhər və kəndlərimiz müasirləşərək  gözəlləşir, insanların doğma yurda bağlılığı artır.

Bu gün muxtar respublikamızın bölgələrində aparılan tikinti quruculuq işləri regionların həyat ritminə çevrilib. Bu mənada rayonumuzda da son illər xeyli quruculuq, abadlıq işləri həyata keçirilir, parklar salınır, yollar çəkilir, tarixi memarlıq abidələrimiz bərpa olunur, yaşıllıq zolaqları yaradılır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin bölgələrin inkişafına, abadlaşdırılmasına göstərdiyi diqqət və qayğının nəticəsidir ki, son illər Culfa şəhərində köhnə binaların əsaslı təmir olunması, yaradılan yeni infrastrukturlar, bir-birindən  gözəl istehsal və xidmət sahələri insanların rahat yaşamasına xidmət edir, onların doğma yurda bağlılığını artırır.

Diqqət çəkən amillərdən biri də budur ki, Culfa şəhəri ilə yanaşı, onun ucqar kəndləridə günü- gündən inkişaf edir, müasirləşir, abad və yaraşıqlı ünvanlara çevrilir. Rayonumuzda abad kəndlər siyahısına daxil olan kəndlərimizdən biri də ucqar dağ kəndi Ərəfsədir. Yaşıllıqlar qoynunda  uyuyan,  qədimliyi müasirliyə qovuşan Ərəfsə kəndin- dən yazmaq, bu yurdun gözəlliklərini, həyat ahəngini qələmə almaq arzusu ilə yolumuzu bu qədim yurd yerinə salmalı olduq. Uzaqlarda dağların gözəlliyi göz oxşayır. İsti avqust ayı olmasına baxmayaraq, yuxarılara qalxdıqca sərin meh qəlbimizə dolur, ürəyimizi oxşayır. Əlincə çayı boyunca qatarlaşan palıd, söyüd, armud, cəviz, badam ağacları bir-birini arxada qoyur. Bu əsrarəngiz yaşıllıqlar bizi özünə çəkir. Yayın yandırıcı günləri olmasına baxmayaraq, gül-çiçəyin ətrində gözəlliyə qərq olmuş Ərəfsəyə çatırıq.

Günəşin işığında gümüş kimi parıldayan Əlincə çayı Ərəfsənin gözəlliyinə valeh olmuş kimi sanki dayanıb durmuş, axarını saxlamışdı. Əlincə çay həzin-həzin oxuyur, sanki kəndə layla çalır. Göz yaşıtək dumduru, üzük qaşıtək şəffaf, parlaq.

Bu torpağın gözəlliyindən ilham alan, bu yurdun qaynar təbli şair oğlu, mərhum Əhliman Ərəfsəli, Təbəssüm Hacıyeva sinəsində qaynayan sözləri cilalayıb ilmə-ilmə misralara düzəndə çox güman ki, bu gözəlliklərdən bəhrələnib.

Gömgöy meşəli, yaşıl bağları.
Uca çinarları, gözəl şamları
Dərdlərə dərmandı bütün otları
Yurduma gözəllik verəndi kəndim,
Güllü-gülüstana dönəndi kəndim.

Gözəl bağlarının dadlı meyvəsi
Axar çaylarının o həzin səsi,
Şirin sularının öz zümzüməsi
Yurduma gözəllik verəndi kəndim,
Güllü-gülüstana dönəndi kəndim.

Ərəfsə münbit torpağı, əlverişli iqlimi, bağlı-bağatlı meyvə bağları, dadlı bərəkətli tərəvəz bitkiləri, özünün nadir dərman otları, gül-çiçək ətirli balı ilə tanınır. 177 hektar ərazini əhatə edən bu dağ kəndində 250 təsərrüfat var və kənddə əhalinin sayı 890 nəfərdir.

Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş aqrar islahatlar bu kənddə də uğurla həyata keçirilib və öz səmərəsini verib. Dövlət qayğısını hiss etdikcə Ərəfsənin təsərrüfat adamları daha çox torpağa bağlanır, öhdəliklərinə düşən həyətyanı və pay torpaqlarının qədrini bilir, təsərrüfatlarını genişləndirir, torpağı əkib-becərməklə özlərinə xoş gün-güzəran qururlar. Torpağa əyilən, gün-güzəranını təsərrüfatda tapan Ərəfsənin zəhmətkeş insanları torpaqdan dürlü-dürlü bol nemətlər əldə edərək ailələrinin yaxşı yaşayışını təmin edirlər.

Ərəfsəyə gəldiyim an hər tərəfdən aydın görünən və xüsusi görkəmi ilə seçilən, müasir memarlıq üslubunda tikilmiş iki mərtəbəli məktəb binası diqqətimi cəlb edir. 2001-ci ildə Naxçıvan Muxtar Res­publikası Ali Məclisi Sədrinin təşəbbüsü ilə tikilib istifadəyə verilmiş geniş idman zalı, fənn kabinetləri, laboratoriyası, elektron  lövhə otaqları, zəngin kitabxanası olan 225 nəfərlik bu məktəb binası bu gün bu yurd yerində təhsilimizin inkişafına dövlət qayğısının bariz nümunəsidir. 
2008-ci ildə kənd əhalisinin sağlamlığının qayğısına qalmaq, ana və uşaqların müayinə olunması, uşaqlarda peyvəndlərin vaxtında aparılması üçün ambulatoriya binası da tikilmişdir. Ambulatoryada xəstələrin müayinə olunması və onlara qulluq göstərilməsi üçün hər cür şərait yaradılmışdır.
Kəndin inzibati ərazi dairəsi üzrə nümayəndəsi Zamiq Əliyevlə etdiyimiz söhbətdən aydın oldu ki, kənd əhalisinin əsas məş­ğuliyyəti tərəvəzçilik, bağçılıq heyvandarlıq və arıçılıqdır. Heyvandarlığa gəlirli sahə kimi baxan kəndin təsərrüfat adamlarından Rafiq Nəcəfov, Məhərrəm Əliyev, Cəlil Hacıyev qoyunçuluğu, Elxan Kərimov, Şahsuvar Bayramov, Hicran Hacıyev və başqaları isə maldarlığı gəlirli sahə kimi inkişaf etdirirlər. Burada ilin bütün fəsillərində pendir, qaymaq, xama, nehrə yağı, şor, qatıq tapmaq olar.

Ərəfsə həm də öz Xəzinədərə və Gədik adlı palıd meşələri ilə diqqəti cəlb edir. Meşəbəyi Cavad Cavadov meşələri göz bəbəyi kimi qoruyur. Axı meşə təbiətin möcüzəsidir, könül xoşluğudur. Meşə iqlimi tənzim edən, havanı təmizləyən, saflaşdıran bir dün­yadır. Meşə yaşıllıqdır, məğ­rurluqdur zümzü­məsi kəsilməyən mahnı, heç vaxt söylənməmiş nağıldır. Meşə su mənbəyidir, sağlamlıqdır. Xəzinədərə və Gədik meşələrində bu yer üçün xarakterik olan palıd ağacları çoxluq təşkil edir. Xatırladaq ki, 1990-cı illərdə güclü soyuqların olduğu, qaz və işığın olmadığı çətin zamanlarda belə Ərəfsəlilər meşələri göz bəbəyi kimi qoruyub saxlaya bilmişlər.
Bu yerlərin yaşıllığı, gül-çiçəyi və çeşməli bulaqları arıçılıq üçün əlverişli şərait yaradır. Kəndin füsunkar təbiəti, bağ-bağatla zənginliyi burada arıçılıq təsərrüfatlarının genişləndirməyə, arı ailələrinin sayını artırmağa, bol bal istehsalında imkanları artırır. Kənd sakinlərindən Vidadi Hacı­yev, Füzuli Quliyev, Elxan Musayev, Telman Sadiqov və başqaları bu gəlirli sahəni daha da genişləndirirlər. İndi bu səfalı yurd yerində ildən-ilə arı ailələrinin sayı artırılır. Arıçılıqla məşğul olan təssərrüfat adamları Naxçıvan  Muxtar Respublikası Ali Məclisi Sədrinin 18 noyabr 2016-cı il tarixli Sərəncamı ilə təsdiq olunmuş “2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət proqramı”-nın uğurla yerinə yetirilməsi üçün var qüvvələri ilə çalışır, bu gəlirli sahədən əldə etdiyi qazancla öz ailələrinin gün-güzəranını daha da yaxşılaşdırırlar. 

Ərəfsədə bağçılığa da önəm verən təsərrüfat adamları az deyil. Kənd sakinlərindən Adil Qələn­dərov və Nadir Əliyevin həyətyanı sahələrində saldıqları müxtəlif meyvə bağları göz oxşayır. 

Bu torpaqda bir çox meyvələrlə yanaşı əsrlərin, qərinələrin dilsiz şahidləri olan qoz ağacları diqqəti daha çox cəlb edir. Dağ yamaclarına tala-tala, topa-topa səpələnən cəviz ağacları bu yurd yerinə xüsusi gözəllik bəxş edir. Dünyagörmüş yaşlı, ağsaqqal kənd sakinlərindən yaşı səksəni haqlamış Nəcəf Qələndərovla söhbət zamanı bildirdi ki, qoz ləpəsi çox təsirli qida olmaqla insanda qüvvəti artırır, şuxluq yaradır, əhval-ruhiyyəni yaxşılaşdırır. 

Ərəfsədə ucqar dağ kəndində gördüklərimiz qəlbimizi qürur hissi ilə doldurdu. Sevinirik ki, göstərilən dövlət qayğısının nəticəsində başqa kəndlərimiz kimi Ərəfsə də müasir Azərbaycan kəndinə çevrilib, insanların yaşayış tərzi yüksəlib. Bura gələn hər bir insan ruhu təzələnir, könlü fərəhlənir.


Ə.CƏFƏROĞLU

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: