Səkkiz min il boyunca intensiv yaşayışın sürdüyü, bu mənada müsəlman Şərqində nadir yer qismində olan Şahtaxtı həm də strateji əhəmiyyətli bölgə kimi tanınmışdır. Eradan əvvəl II minillikdə ətrafı qala divarları ilə qorunan, Elxanilər dövründə (XIII əsr) şəhərtipli yaşayış məskəni kimi qeyd edilən, XIX əsrə gəldikdə isə “Araz kənarında məşhur bir qəsəbə” (bəzi mənbələrdə rayon) adlandırılan Şahtaxtı əsrlər, illər ötməsinə baxmayaraq, öz əhəmiyyətini qoruya bilmişdir...
Tarixin bütün mərhələlərində Şahtaxtının mühüm ticarət qovşağı üzərində yerləşməsinin böyük rolu olduğu həqiqətdir. Bir çox qaynaqlarda cənubdan şimala doğru uzanan ticarət marşrutunun əsas mərkəzi kimi qeyd edilən Şahtaxtı bu ünvanı sovetlər birliyi qurulana qədər davam etdirmişdir. Səbəbsiz deyil ki, XIX əsrin sonu XX əsrin əvvəllərinə aid mənbələrdə Şahtaxtıdan bəhs edilərkən burada 30-a qədər mağaza və 25 çay evinin olmasından xəbər verilir. Bəli, Şahtaxtı qeyd edilən dövrdə cənub ölkələrindən gətirilən malların şimal istiqamətində daşındığı, satışının həyata keçirildiyi bir mərkəz kimi şöhrət qazanmışdır.
Qeyd edək ki, Şahtaxtının ticarət marşrutu üzərində yerləşməsi və mühüm ticarət mərkəzi rolunu oynamasında Araz çayı və bu çay üzərində qurulan körpülər böyük əhəmiyyət daşımışdır. Araşdırmalar göstərir ki, Şahtaxtı sahilində Araz üzərində ilk körpülər XIX əsrin sonlarına doğru salınmağa başlanmışdır. Bu zamana qədər isə ticarət karvanları və gediş-gəliş əsasən çayın dayaz olduğu yerlərdən həyata keçirilmişdir. Ümumiyyətlə, Araz çayının Şahtaxtıdan keçən hissəsi XIX əsrə qədər bir çox yerlərdə dayaz olmuşdur. Bu barədəki məlumatlarda deyilir ki, həmin ərazilərdə ticarət karvanları asanlıqla Arazın bir sahilindən digərinə keçə bilirmişlər. XIX əsrə gəldikdə isə ticarətdə həmçinin Araz çayı üzərində qurulan sallardan da (yan-yana bağlanmış taxta və ya tirlərdən ibarət olan qədim su nəqliyyatı vasitəsi) istifadə edilməyə başlanılmışdır. Həmin sallar isə ya kəndirlər vasitəsilə bir sahildən digərinə çəkilmiş, yaxud da kəndirsiz şəkildə kürək vasitəsilə bir tərəfdən digərinə doğru hərəkət etdirilmişdir.
Şahtaxtıda ilk taxta körpü isə XIX əsrin sonlarına doğru bu yurdun tanınmış sakinlərindən olan İbrahim ağa Şahtaxtılının vəsaiti ilə salınmışdır. Kəndin ağsaqqal sakinlərindən aldığımız məlumatlara əsasən deyə bilərik ki, Arazın bu hissəsində iki taxta körpü olub. Digər körpü isə Çar Rusiyası zamanında Şahtaxtı-Maku dəmiryolu xəttində istifadə edilmək məqsədilə salınmışdır. Bu dəmir yolu xətti ilə hərəkət edən qatarlar (el arasında “Səttarxan qatarı” adlandırılırdı) vasitəsilə həm ticarət işləri həyata keçirilmiş, həm də hərbi silah-sursat daşınmasında istifadə edilmişdir. Onu da qeyd edək ki, kənd ağsaqqalları Arazın üzərində Şahtaxtının məşhur tacirlərindən olan Hacı Məhəmmədin vəsaiti ilə salınmış və el arasında “Hacı Məhəmməd körpüsü” adı ilə tanınan üçüncü bir körpüdən də söz edirlər. Bu körpülər Şahtaxtının ticarət qovşağına çevrilməsində mühüm rol oynamışlar. XIX əsrin sonlarına aid “Aşıq Ələsgər və Aşıq Alı” dastanında da Şahtaxtının mühüm marşrut olması öz əksini tapmış, “Addıyın Şahtaxtıdan, Təbrizə, Tehrana deyin” misraları ilə bu fikir bildirilmişdir.
Şahtaxtı kəndi XX əsrin iyirminci illərindən sonra ticarət mərkəzi rolunu itirmişdir. Bununla belə, keçmiş ittifaq dövründə kənd cənub ölkələrindən Sovetlər birliyi məkanına gətirilən iribuynuzlu mal-qaranın idxal mərkəzi rolunu oynamışdır. Bu məqsədlə Araz çayı sahilində mal-qara idxalı mərkəzi (“skot import”) salınmış, burada idarə və buzxanalar yaradılmışdır. Kəndin ağsaqqal sakini Cəfər Suvarovun sözlərinə görə, Çar Rusiyası dövründə“vneştorq” (xarici ticarət) məntəqəsi kimi fəaliyyət şahtaxtı Sovetlər birliyi dönəmində mal-qara idxalı mərkəzi kimi intensiv şəkildə istifadə olunmuşdur.
Cəfər Suvarov bildirir ki, “skot import” qeyd edilən dövrdə Sovetlər birliyinin ət məhsullarına olan tələbatının bir hissəsini ödəmək məqsədilə yaradılıb. İmport vasitəsilə Arazın digər sahilindən iribuynuzlu mal-qara əvvəlcə Şahtaxtıya gətirilirdi. Bu mal-qara Araz yaxınlığında yaradılmış kəsim məntəqələrində kəsilirdi və əldə edilən ət məhsulları buzla təchiz olunmuş vaqonlara yığılaraq SSRİ-nin müxtəlif bölgələrinə aparılırdı. Həmin bu ərazidə idarə və işçilər üçün ikimərtəbəli bina da tikilmişdi. 30-cu illərdən sonra isə kənd mərkəzində laboratoriya tipli baytarlıq məntəqəsi də yaradılmış və gətirilən iribuynuzlu mal-qara burada yoxlanılaraq bir ay boyunca karantin dövrü keçirirdi. Ümumiyyətlə, ötən əsrin 50-ci illərinin əvvəllərinə qədər fəaliyyət göstərmiş Şahtaxtıdakı mal-qara idxalı mərkəzi sovetlərdə ətə olan tələbatın ödənilməsində mühüm rol oynamışdır.
Göründüyü kimi, Şahtaxtı tarixin bütün mərhələlərində bu və ya digər sahədə strateji əhəmiyyətli bir yer olmuşdur. Lakin sovetlər birliyi dövründə digər kənd yaşayış məntəqələri kimi Şahtaxtı kəndi də diqqətdən kənarda qalmışdır. Kəndin inkafı yalnız müstəqilliyimizin bərpasından sonrakı dövrə təsadüf edir. Belə ki, bu dövrdə Şahtaxtı dövlətin xüsusi diqqət və qayğısı ilə abadlaşdırılmış, burada yeni sosial obyektlər tikilmiş, Şahtaxtı Gömrük-Keçid Məntəqəsi yaradılmış, 2007-ci ildə isə ən müasir standartlar çərçivəsində yeni körpü inşa olunaraq ölkə başçısı, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin iştirakı ilə istifadəyə verilmişdir. Həyata keçirilən tədbirlər nəticəsində Şahtaxtı bu gün də muxtar respublikamızın tranzit əlaqələrində mühüm rol oynayır.
Anar QASIMOV