Kəngərli rayonunda payızlıq taxıl şumuna başlanılıb

A- A A+

Kəngərli rayonunda fermerlər son illər taxılçılığın inkişafına böyük maraq göstərir. Cari ildə rayonun torpaq mülkiyyətçiləri 5 min 210 hektar sahədən 15 min 316 ton taxıl toplayıblar. Hər hektar taxıl sahəsindən orta hesabla 29.4 sentner məhsul götürülüb. Mütəxəssislərin fikrincə cari ildə məhsuldarlıq ötən ildəkindən daha çox olub. Mütəxəssislər əkin sahələrinin genişləndirilməsi ilə yanaşı, məhsuldarlığın da xeyli artdığını bildirir.

Hazırda rayonda payızlıq taxıl əkini kampaniyasına ciddi hazırlıq işləri görülür. Artıq bir neçə gündür rayonumuzun torpaq mülkiyyətçiləri taxılı biçilmiş və küləşi götürülmüş sahələrdə yay şumuna başlayıblar. Bu işə hələlik “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti Kəngərli Rayon Bazasının, eyni zamanda fiziki və hüquqi şəxslərə məxsus müxtəlif markalı 25 şum texnikası cəlb edilib. Texnika və şum aqreqatları vaxtında təmir olunduqdan, yoxlamadan keçirildikdən və iş üçün tam hazır vəziyyətə gətirildikdən sonra sahələrə çıxarılıb.

Artıq sahələrdən şum edən texnikaların səsi gəlir. Traktorlar bu günə kimi 2 min 202 hektar sahədə şum aparmışlar. Taxıl əkinində ilkin və həlledici amil sayılan yay şumundan əvvəl sahələr bitki qalıqlarından təmizlənir, üzvi və mineral gübrələrlə zənginləşdirilir. Şumun lazımi dərinlikdə aparılması da həm mütəxəssislərin, həm də torpaq mülkiyyətçilərinin daimi nəzarətindədir. Bu mühüm kampaniyada iştirak edən texnikaların yanacaqla vaxtlı-vaxtında təmin olunması, sıradan çıxmış hissələrinin təcili dəyişdirilməsi üçün əvvəlcədən kifayət qədər ehtiyat yaradılıbdır.

Qeyd edək ki, Böyükdüz və Xok kəndlərində aparılan yay şumu daha böyük sahələri əhatə edir.

 “Yeni həyat”

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: