Şərur rayonunda əkin sahələri əsasən Arpaçay dəryaçasından qidalanan, o cümlədən ümumi uzunluğu 46 kilometr olan Sol və Sağ sahil, həmçinin «Şərur», «Löhmə», «İbadulla» və «Çərçiboğan» kanalları, Araz çayından sudartan nasos stansiyaları və subartezian quyuları vasitəsilə suvarılır.
Şərur şəhəri və ətraf kəndlərin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin birinci mərhələsinin istifadəyə verilməsi ilə rayon mərkəzi və Yengicə kəndi ekoloji cəhətdən təmiz içməli su ilə təmin edilmişdir. Hazırda layihənin ikinci mərhələsinə uyğun olaraq Zeyvə və Düdəngə kəndlərində işlər sürətlə davam etdirilir və yaxın günlərdə bu kəndlər də sistemə qoşulacaqdır.
İlin əvvəlindən Meliorasiya və Su Təsərrüfatı İdarəsi rayondakı nasos stansiyalarının, kanal və arxların, içməli su xətlərinin, subartezian quyularının, hidrotexniki qurğuların əsaslı təmirini davam etdirmiş, fəaliyyətini dayandırmış quyular yenidən istismara verilmiş, beton və torpaq məcralı kanallar, drenaj şəbəkələri, kəndlərdəki sutoplayıcılar, kanallar və kollektorlar lildən təmizlənmişdir.
Rayon Meliorasiya və Su Təsərrüfatı İdarəsi bütün imkanlardan istifadə edərək əhalinin içməli su ilə fasiləsiz təmin olunması, əkinlərin vaxtında suvarılması üçün bundan sonra da sakinlərə və torpaq mülkiyyətçilərinə yaxından köməklik göstərəcək.
“Şərurun səsi”