Muxtar respublikada səyyar sığorta xidməti genişləndirilir

A- A A+

Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyinin səyyar sığorta xidməti öz əhatə dairəsini genişləndirməkdədir. Belə ki, agentliyə təqdim olunmuş 2 ədəd səyyar xidmət avtomobili muxtar respublikanın müxtəlif yaşayış məntəqələrində vətəndaşların müraciətlərinə uyğun olaraq sığorta ərizələrinin qəbulu və müqavilələrin bağlanmasını mütəmadi şəkildə həyata keçirir.

Agentlikdən NUHÇIXAN-a bildirilib ki, səyyar xidmət avtomobillərində internetə qoşulmuş kompüter avadanlıqları vasitəsilə göstərilən xidmətlər muxtar respublikanın ən ucqar yaşayış məntəqələrində yaşayan əhalinin rayon mərkəzlərinə getmədən işlərinin həll olunmasına və vaxta qənaət edilməsinə imkan yaradır. Səyyar sığorta xidmətinin yaradılmasından keçən müddət ərzində xidmət əməkdaşları Şərur, Babək, Ordubad, Şahbuz, Kəngərli, Sədərək rayonları və habelə Naxçıvan şəhərinin bütün ərazisi üzrə 73 inzibati ərazi dairəsində vətəndaşların müraciətinə baxıb, sığorta müqavilələri bağlanılıb. Bağlanan sığorta müqavilələri, əsasən, muxtar respublikada həyata keçirilən bütün növ icbari və könüllü sığortaları əhatə edir.

Hazırda muxtar respublikanın rayon dövlət sığorta agentlikləri 4 icbari və 7 könüllü sığorta üzrə fəaliyyətlərini həyata keçirir. Səyyar sığorta xidmətinə edilən müraciətlər əsasən vətəndaşlara məxsus daşınmaz əmlakın, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortaları, habelə kənd təsərrüfatı bitkiləri və heyvanların sığortası, fərdi qəza, ev əmlakı sığortası ilə bağlıdır. Səyyar sığorta xidmətləri muxtar respublikada ümumi sığorta maarifləndirməsinin aparılmasında və sığortanın inkişafında da mühüm rol oynayır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: