Beynəlxalq Miqrasiya Təşkilatının nümayəndə heyəti muxtar respublikada səfərdədir - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Beynəlxalq Miqrasiya Təşkilatının nümayəndə heyəti muxtar respublikada kəhrizlərin bərpasında qazanılan təcrübənin öyrənilməsi məqsədi ilə Naxçıvana səfərə gəlib.
Səfər çərçivəsində əvvəlcə nümayəndə heyəti Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsində olublar. Komitə sədri Əsgər Əsgərov nümayəndə heyətinə bildirib ki, muxtar respublikada əhalinin su ilə təmin olunması üçün 31 su anbarı tikilib, 100-dən artıq nasos stansiyaları quraşdırılıb. Qeyd olunub ki, muxtar respublikada 386 kəhriz var. Həmin kəhrizlərin 335-i işlək vəziyyətdədir. Hazırda Kəngərli və Ordubad rayonlarında 5 kəhrizdə təmir işləri aparılır.
Sonra qonaqlar Kəngərli rayonundakı Çalxanqala kəndində “Baş bulaq”, Qarabağlar kəndində “Torxuc”, “Bəydilli”, “Bostanlar 1” və digər kəhrizlərdə aparılan təmir işləri ilə tanış olublar. Mütəxəssislərə muxtar respublikada kəhrizlərdən istifadənin təkmilləşdirilməsi, daha da genişləndirilməsi, eləcə də sıradan çıxan kəhrizlərin aşkarlanaraq bərpa olunması sahəsində görülən işlər barədə məlumat verilib.
Qeyd edək ki, təcrübənin öyrənilməsində Azərbaycan Dövlət Aqrar Universitetinin müəllim heyəti və Beynəlxalq Qanat və Tarixi Hidravlik Sistemlər Mərkəzinin mütəxəssisləri də iştirak edir. Nümayəndə heyəti 3 gün ərzində muxtar respublikada səfərdə olacaq və burada kəhrizlərin bərpası, onların öyrənilməsi sahəsində qazanılan təcrübədən bəhrələnməyə çalışacaqlar.
Röyal Kərimov