Rusiyanın “Zori plyus” qəzetində Naxçıvanla bağlı məqalə dərc olunub - FOTOLAR

A- A A+

 

NUHÇIXAN xəbər verir ki, Rusiyanın Perm vilayətində nəşr olunan “Zori plyus” qəzetində Naxçıvana həsr edilmiş məqalə dərc olunub.

Məqalədə vurğulanır ki, bu gün Naxçıvan Muxtar Respublikası inanılmaz dərəcədə inkişaf edərək, müasirləşib. Muxtar Respublikada tarixi abidələrin qorunub-saxlanılması, bərpası,  abadlıq və yenidənqurma işləri yüksək səviyyədə təşkil olunub. Bütün bunlar isə Azərbaycanın müstəqilliyinin bəhrələridir. Naxçıvanda əhalinin ərzaq tələbatı yerli istehsal hesabına ödənməklə yanaşı, ən ucqar kəndlərdə belə müasir infrastruktur yaradılıb.

Müəllif qeyd edir ki, Sovetlər Birliyi dönəmində və müstəqilliyin ilk illərində Naxçıvan əhalisi bir çox çətinliklərlə üz-üzə qalırdı. Amma bu gün nəinki əhalinin problemləri aradan qaldırılıb, hətta insanlar üçün yüksək həyat şəraiti yaradılıb. Bu diyardakı səliqə-səhman, müasirlik, gözəl istirahət məkanları göz oxşayır. Yaşıllıqlar qorunur, yeni meyvə bağları salınır. Yeni tikilən zavod və fabriklər hesabına son illər minlərlə iş yerləri açılıb, müasir tipli məktəblər və yaşayış kompleksləri tikilib.

Bu gün doğma diyara gələn turistlərin və qonaqların sayı günü-gündən artır. Lazımi turizm potensialı formalaşdırılır.

Məqaləyə qədim diyarın tarixini və müasir inkişafını əks etdirən fotoşəkillər də yerləşdirilib. Fotoşəkillərin hər birinə aid annotasiyalar verilib.

Fotoşəkillərdən birində naxçıvanlı məktəblilər göstərilir və yazılır: “Naxçıvanda bütün şagirdlər eyni məktəbli forması geyinir. Üzərində milli bayrağın həkk olunduğu qalstuk geyimin vacib elementidir”.

Daha bir fotoşəkildə “Naxçıvanqala” Tarixi-Memarlıq Muzey  Kompleksinin girişi göstərilib və altyazıda bu sözlər verilib: “Naxçıvanda xeyli sayda tarixi və memarlıq abidələri vardır. Onların hamısı əla vəziyyətdədir. Buraya gələn turistlər və qonaqlar tarixi abidələri ziyarət edir, burada tez-tez mədəni-kütləvi tədbirlər və festivallar keçirilir”.

Məqalənin müəllifi Rusiyada yaşayan həmyerlimiz Qadir Əsgərovdur. Müəllif sonuncu dəfə 17 il bundan əvvəl Naxçıvanda olduğunu, 17 il sonra isə Naxçıvanı tanımaqda çətinlik çəkdiyini vurğulayır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: