NUHÇIXAN xəbər verir ki, “Əcəmi” Nəşriyyat Poliqrafiya Birliyində “Naxçıvan Duzdağı” və “Naxçıvan Muxtar Respublikası-95” adlı kitablar işıq üzü görüb.
“Naxçıvan Duzdağı” kitabı Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Duzdağ Fizioterapiya Mərkəzinin 40 illik yubileyinin keçirilməsi haqqında sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planına əsasən nəşr olunub. Kitabda Duzdağ Fizioterapiya Mərkəzinin açılışı olduğu vaxtdan başlayaraq bu günə qədər keçdiyi yol əks olunub. “Naxçıvanda ilkin şəhər mədəniyyətinin formalaşması və Duzdağ” bölməsində isə alim və akademiklərin Duzdağla bağlı apardığı araşdırmalara yer verilib. “Naxçıvan Duzdağı arxiv materiallarında” başlığında isə Pavel Şeremetyevski və Konstantin Nikitinin duz yatağı və duz mədənləri ilə bağlı fikirləri yer alıb. “Naxçıvan Duzdağının geologiyası və tədqiqi tarixindən” bölməsində isə Duzdağda aparılan arxeoloji tədqiqatlar öz əksini tapıb. Kitabda həmçinin Duzdağ duzunun tərkibi, tətbiq sahələri və Naxçıvan Duzdağının turizm potensialı geniş şərh edilib, duzla bağlı rəvayətlər, deyimlər, inamlar işıqlandırılıb.
“Naxçıvan Muxtar Respublikası-95” adlı kitab isə Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyinə həsr olunmuş Tədbirlər Planının icrası ilə əlaqədar olaraq hazırlanıb. 6 mərhələ üzrə təqdim olunan statistik topluda Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı və inkişaf göstəriciləri öz əksini tapıb. Naxçıvanın sosial-iqtisadi inkişafı, dünyaya açılması, yerli istehsal məhsulları ilə yaxın və uzaq ölkələrin bazarlarına yol tapması, xarici ölkələrin sahibkarlarının maraq dairəsinə düşməsi, yerli sahibkarlığın inkişafı kitabda əhatəli şəkildə izah olunub. Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının diaqram və fotoşəkillərlə qeyd olunduğu kitab iqtisadçılar və tələbələr üçün nəzərdə tutulub.
Xanım Rüstəmzadə