Şahbuz rayonunun Türkeş kəndində kompleks quruculuq işləri aparılır - FOTOLAR
Cari ilin mart ayından etibarən Şahbuz rayonunun Türkeş kəndində kompleks quruculuq işlərinə başlanılıb.
NUHÇIXAN xəbər verir ki, yaşayış məntəqəsində kənd yolu əsaslı surətdə yenidən qurulur, kənd və xidmət mərkəzləri inşa olunur.
Kənd mərkəzi üçün tikilən ikimərtəbəli müasir binanın birinci mərtəbəsində poçt, avtomat telefon stansiyası, kitabxana, tibb otağı, polis və baytarlıq xidməti fəaliyyət göstərəcək. İkinci mərtəbədə isə inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, arxiv, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı və klub yerləşəcək.
Xidmət mərkəzində isə kənd sakinlərinə müxtəlif məişət və ticarət xidmətləri göstəriləcək. Kənd sakinləri üçün yeni iş yerləri açılacaq. Burada bir neçə sakin işlə təmin ediləcək, ailə təsərrüfatları məhsullarının satışı təşkil olunacaq.
Hər iki quruculuq ünvanında əsas işlər yekunlaşıb, həyətdə abadlıq işlərinə başlanılıb.
Kənd yolu da əsaslı şəkildə yenidən tikilir. İkizolaqlı yolun uzunluğu 4,2 kilometrdir. Yolda torpaq işləri görülüb, qum-çınqıl verilib, su keçidləri tikilib, yol yatağı bərkidilib.