Qoyunçuluq gəlirli sahədir

A- A A+

Heyvandarlıq sahəsində qoyunçuluq xüsusi yer tutur. Muxtar respublika ərazisinin çox hissəsinin dağlıq olması qoyunçuluğun inkişafı üçün əlverişlidir. 

Başqa növ kənd təsərrüfatı heyvanlarına nisbətən qoyunlar çox maraqlı bioloji xüsusiyyətə malikdirlər. Onların dodaqları, dişləri və damaqları xüsusi anatomik quruluşa malikdir ki, bu da çox qısa boylu otları qoparıb yeməyə imkan verir. Odur ki,  qoyunlar digər növ heyvanların yeyə bilmədiyi otları yeməklə, otlaqlardan daha səmərəli istifadə edirlər. Qoyunlar çox müxtəlif botaniki tərkibli  yemlərdən - yaşıl ot, saman, küləş, quru ot, kökü meyvəlilər, dən yemlərindən çox yaxşı istifadə edirlər.

Qoyunlar başqa növ heyvanlara nisbətən  yerli şəraitə çox tez uyğunlaşır, isti quru havaya davamlıdır. Cinsindən asılı olaraq döş,  quyruq nahiyəsində toplanan piy hesabına aclığa dözümlüdürlər. Yem çatmadıqda bu piydən istifadə etməklə, orqanizmi aclıqdan qoruyurlar. Bir sıra xəstəliklərə davamlı olmaqla, vərəm xəstəliyinə nadir hallarda,  lakin brüsellyoz, qoturluq, çiçək və mastitlə tez– tez xəstələnirlər.

Qoyunlar 10-12 il yaşayır, lakin yüksək və keyfiyyətli məhsul əldə etmək üçün təsərrüfatlarda qoyunlardan 6-7 il istifadə etmək lazımdır. Çünki bu dövrdə onlar maksimum məhsul vermə qabiliyyətinə malik olurlar. Havanın dəyişməsinə çox həssasdırlar. Boğazlıq müddəti 5 ay çəkir və quzular  4 aylıqda ana qoyundan ayrılır. Qoyunlar qaba yemlərdən daha yaxşı istifadə edir, uzun müddət tox qalır və yemi yaxşı həzm edirlər. Dırnaqları bərk və iti olduğundan sıldırım yamaclarda yaxşı gəzə bilir və buradakı əlçatmaz otu yeyə bilirlər. Bu sahədən əhalinin qidalanması üçün yüksək keyfiyyətli qoyun əti, piyi və süd məhsulu əldə edilir. Qoyunlardan yun-dəri məhsulları əldə edilir. Beləliklə, istehsal olunan məhsulun növ müxtəlifliyinə görə kənd təsərrüfatı heyvanları içərisində qoyunlar birinci yer tutur.

Qoyunçuluq məhsulları içərisində yun daha çox əhəmiyyət kəsb edir. Yunun yüksək fiziki-mexaniki və texnoloji xassələri ilə əlaqədar olaraq ondan çox qiymətli parçalar, xalça məmulatları, keçə və gigiyenik cəhətdən təmiz yorğan-döşək hazırlanır.

Əkinçilik sahəsində qoyun peyini üzvi gübrə kimi istifadə olunur.

Qoyun südü başqa kənd təsərrüfat heyvanlarından alınan südə nisbətən tərkibi quru maddələrlə daha zəngindir. Qoyun südündən keyfiyyətli, yüksək qidalıq dəyərinə malik olan pendirlər və digər süd məhsulları hazırlanır.

Qoyunçuluq məhsulları - Qoyunçuluqdan əldə edilən məhsullar çox növlülüyünə, çeşidinə, sortuna görə başqa növ heyvandarlıq məhsullarından fərqlənir.

Qoyun yunu - daranma, boyanma, əyirmə və keçələşmə qabiliyyətinə malik  olub, toxuculuq sənayesində çox əhəmiyyətlidir. Qoyun yunu bir sıra dəyərli xüsusiyyətləri ilə pambıq, kənaf, kətan, kəndir və digərlərindən  ciddi şəkildə fərqlənir. Belə ki, qoyun yunu yüksək elastikliyə malik olub, nəmliyi udma və buxarlandırma qabiliyyətinə  malikdir. Boyanı yaxşı götürməklə, onu uzun müddət özündə saxlayır. 

Qoyun əti - Kənd təsərrüfatı heyvanlarının, eləcədə qoyunların əti zülalla zəngin olduğu üçün insanların qidalanması üçün çox əhəmiyyətli hesab edilir. Bundan başqa ətin tərkibində istənilən miqdar vitamin vardır. Qoyun əti mal ətindən tərkibində yumşaq əzələ və zülala görə geri qalsa da, piyin miqdarı və kaloriliyinə görə ondan üstündür. Ətin tərkibindəki zülalın miqdarına görə qoyun əti mal ətinə yaxındır.

Qoyun ətinin başqa növ ətdən fərqi ondan ibarətdir ki, qoyun piyinin tərkibində xolesterin, yağ  turşusu az olur. B12 vitamininin miqdarı çoxdur, makro və mikroelementlərlə zəngindir.

Qoyun südü - Təzə doğulan körpə quzuların yemləndirilməsi üçün əvəzolunmaz qidadır. Bununla yanaşı, insanların qidalanmasında da qoyun südünün rolu böyükdür. Qoyun südündən həmçinin uzun müddət saxlanıla bilən, qidalıq cəhətdən qiymətli sayılan süd məhsulları hazırlanır. Qoyun südündən çox qiymətli  pendirlər əldə olunur. 

Pendirlə yanaşı qoyun südündən digər  süd məhsullarından olan kəsmik, qatıq, ayran, qaymaq da hazırlanır. Kimyəvi tərkibinə görə də qoyun südü çox zəngindir.

Qoyunçuluq məhsulları digər heyvandarlıq məhsullarına nisbətən ucuz başa gəldiyindən bu sahə ilə məşğul olan ailə təsərrüfatları daha çox gəlir əldə etməklə ailə büdcəsinə  əlavə gəlir gətirir. Qoyunçuluq məhsuldar sahə olduğu üçün onlardan daha çox gəlir götürməklə yanaşı, qısa müddətə saylarını artırmaq da mümkündür.

Sahibkarlara məsləhətimiz budur ki, heyvanların baş sayını artırmaqla yanaşı damazlıq keyfiyyətinin yaxşılaşdırılmasına xüsusi diqqət yetirsinlər.

 

Lalə Məmmədli,

Naxçıvan Muxtar Respublikası

Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşı

“Arazın səsi” qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: