İstixana kompleksləri daxili bazarı zənginləşdirir

A- A A+

Muxtar respublikada 2016-2020-ci illər üçün meyvəçiliyin və tərəvəzçiliyin inkişafı ilə bağlı Dövlət proqramının qəbul edilməsi kənd təsərrüfatının dinamik inkişafına təkan verib, ərzaq təhlükəsizliyinin təmin olunmasına şərait yaradıb. Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, ötən dövr ərzində Babək rayonunda da müxtəlif məhsul növlərini istehsal edən istixana kompleksləri yaradılıb. Buna görə də  xiyar, pomidor və göyərti məhsulları muxtar respublika sakinləri üçün ilin bütün fəsillərində əlçatandır.

Rayonda  daxili bazarı yerli tərəvəz məhsulları ilə təmin edən ən böyük istixana komplekslərindən biri Nehrəm kəndində yerləşən və Nağı Nağıyevə məxsus “Nehrəm-Aqro” istixana təsərrüfatıdır. Sahibkar 2012-ci ildə dövlət tərəfindən 160 min manat güzəştli kredit alıb və belə bir təsərrüfat yaradıb. Kompleks müasir texnologiyalar əsasında qurulub, tam avtomatlaşdırılmış iqlim yoxlama sistemləri, istilik-mühafizə pərdələri, havalandırma və suvarma avadanlıqları ilə təchiz edilib və 2013-cü ildən burada müxtəlif tərəvəz məhsullarının yetişdirilməsinə başlanılıb. Təsərrüfatdan gələn gəlir hesabına güzəştli kredit vaxtından əvvəl ödənilib.

Sahibkar deyir ki, fəaliyyətə başlayarkən burada 6 ədəd istixana yaradıblar. Ötən il  isə daha bir istixana tikilib. İstixanalarda əsasən, yerli pomidor və xiyar məhsulları yetişdirilir. Yay aylarında torpağa aqrotexniki qulluq göstərilir və avqust ayında əkinə başlanılır. Noyabr ayının sonuna isə məhsullar yetişib hasilə gəlir. Amma əkin davam edir. Yanvarın sonunda da əkin aparılacaq ki, ardıcıl olaraq satış həyata keçirilsin.

Rayonda fəaliyyət göstərən iri istixana təsərrüfatlarından biri də Yuxarı Uzunoba kəndində yerləşir. Fiziki şəxs Murad Cabbarov tərəfindən 4500 kvadratmetr ərazidə istixana təsərrüfatının qurulması daxili bazarın yerli məhsullarla təminatına imkan verir. Kompleks ilin hər fəslində Naxçıvanın bazar-dükanlarına keyfiyyətli tərəvəz məhsulları satışa çıxarır. Üç il bundan öncə kənddə 7 istixana kompleksi yaradan sahibkar deyir ki, əvvəlcə qardaş Türkiyə Respublikasında eyni profilli təsərrüfatda təcrübə keçdim. Daha sonra şəxsi vəsaitim hesabına tərəvəz məhsulları istehsal edən bu cür kompleks qura bildim, dövlət maliyyə dəstəyi hesabına imkanlarımı genişləndirdim. Öyrəndik ki, artıq bu gün istixanada avtomatik istilik sistemi fəaliyyət göstərir. Suvarma üçün artezian quyusu qazılıb. Burada yetişdirilən xiyar “Tazəm-F1”, pomidor isə “Ayza-F1” salxım sortudur. Becərmə isə müasir texnologiya əsasında aparılır. Bunun nəticəsidir ki, 2-3 gündən bir məhsul yığımı həyata keçirilir.Burada 7 nəfər işlə təmin olunub.

Qeyd edək ki, bu il rayonun Nəcəfəli Dizə kəndində də yeni istixana təsərrüfatı yaradılıb. İki min kvadratmetr ərazini əhatə edən kompleksdə ilkin olaraq xiyar və pomidorun əkini aparılıb.

Babək rayonunun Zeynəddin kəndində fiziki şəxs Əsəd Abbasov tərəfindən yaradılan gülçülük təsərrüfatı da məhz istixanalarda fəaliyyət göstərir. Sahibkar deyir ki, gülçülük təsərrüfatı 2014-cü ilin aprel ayında yaradılıb və 4600 kvadratmetr olan sahədə istixanalara qerber, qızılgül, lilya, qladyol, qərənfil və sair olmaqla, 11 növdə gül şitili əkilib. Artıq ötən dövr ərzində təsərrüfatın fəaliyyəti genişlənib və istixanalarda yetişdirilən güllər muxtar respublika ilə yanaşı, paytaxt Bakı və xarici bazarlara da çıxarılır.

Bir sözlə, bu gün sahibkarlığın və kənd təsərrüfatının inkişafı məqsədilə həyata keçirilən tədbirlər istixana təsərrüfatlarının yaradılmasına və məhsul istehsalının artırılmasına, eləcə də ərzaq təhlükəsizliyinə töhfə verib.

Muxtar Rzazadə

“Şərqin səhəri” qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: