Naxçıvanda bu il sağlamlıq imkanları məhdud 18 uşaq tələbə adını qazanıb - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki,  Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində 2018-2019-cu tədris ilində ali və orta ixtisas təhsili müəssisələrinə daxil olan xüsusi qayğıya ehtiyacı olan tələbələrlə görüş keçirilib. 

Tədbirdə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova bildirib ki, ölkəmizdə bütün kateqoriyadan olan uşaqlara, xüsusən xüsusi qayğıya ehtiyacı olan uşaqlara, o cümlədən valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş, sağlamlıq imkanları məhdud olan uşaqlara hər zaman diqqət və qayğı göstərilir. Göstərilən qayğının nəticəsidir ki, istər valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, istərsə də sağlamlıq imkanları məhdud olan 18 yaşınadək uşaqların, habelə I və II dərəcə əlilliyi olan şəxslərin təhsil haqqı dövlət büdcəsi hesabına ödənilir.

Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar və onların arasından olan şəxslər orta, orta peşə-ixtisas və ali peşə-ixtisas təhsil müəssisələrini bitirdikləri zaman müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi qaydada mövsümi paltar və ayaqqabı, habelə respublika üzrə orta əmək haqqının iki mislindən az olmamaqla birdəfəlik pul vəsaiti ilə təmin olunurlar.

Vurğulanıb ki, muxtar respublikada da xüsusi qayğıya ehtiyacı olan uşaqlar daim diqqət mərkəzində saxlanılır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nın icrası istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Sağlamlıq imkanları məhdud uşaqların təhsili ilə bağlı Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində Distant Tədris Mərkəzi, defoktoloji bölmə, audio-kitabxana yaradılıb, təlim bərpa otağı, psixoloji dəstək xidməti istifadəyə verilib. Həmçinin yüzlərlə uşaq məktəbəqədər, məktəb və məktəbdənkənar təhsil müəssisələrinə  cəlb olunub.

Hər il Bilik Günü ərəfəsində valideyn himayəsindən məhrum, aztəminatlı ailələrdən olan və sağlamlıq imkanları məhdud uşaqlar məktəbli geyimləri və dərs ləvazimatları, o cümlədən isti geyimlərlə təmin olunurlar.

Hazırda muxtar respublika əhalisinin 35,79 faizini uşaqlar təşkil edir. Bunlardan 113-ü valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş, 1847-si sağlamlıq imkanları məhdud uşaqlardır. Muxtar respublikada bu uşaqlara göstərilən diqqət və qayğının nəticəsində ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olan uşaqların sayı ildən ilə artır. 2019-cu ildə 1515 uşaq ali təhsil müəssisələrinə qəbul olub. Bunlardan 18-i sağlamlıq imkanları məhdud, 4-ü valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlardır. Bu il qəbul imtahanlarında 281 uşaq 500-700 arası bal toplayıb. Onlardan 3-ü sağlamlıq imkanları məhdud uşaqlardır. Orta ixtisas təhsil müəssisələrinə qəbul olanlardan isə 5-i sağlamlıq imkanları məhdud uşaqlardır.

Sonra bu il tələbə adını qazanan Rasim Axundov sağlamlıq imkanları məhdud və xüsusi qayğıya ehtiyacı olan uşaqlara göstərilən qayğıya görə minnətdarlığını bildirib.

Sonda 2018-2019-cu tədris ilində ali və orta ixtisas təhsili müəssisələrinə daxil olan xüsusi qayğıya ehtiyacı olan tələbələrə hədiyyə təqdim edilib.

Mədinə Rəhimli

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: