Muxtar respublikada siyahıyaalma ilə bağlı seminarlara start verilib

A- A A+

NUHÇIXAN xəbər verir ki, əhali haqqında demoqrafik, iqtisadi və sosial məzmunlu daha geniş məlumatların əldə edilməsi məqsədilə muxtar respublikada növbəti siyahıyaalma keçiriləcək. Şərur rayonunda siyahıyaalma məntəqələrinin müdirləri və müavinləri üçün seminar təşkil olunub

Tədbirdə Şərur rayon statistika idarəsinin rəisi Ramiz Rəsulov qeyd edib ki, siyahıyaalma vahid prinsiplər və proqram əsasında bütün ərazidə, eyni zamanda adbaad, mərkəzləşdirilmiş qaydada sorğu yolu ilə aparılacaq. Diqqətə çatdırılıb ki, Şərur rayonu üzrə 1 şəhər, 8 kənd olmaqla 9 siyahıyaalma məntəqəsi yaradılıb. Eyni zamanda 80 təlimatçı-nəzarət məntəqəsi, 395 sayıcı və hər siyahıyaalma məntəqəsi üzrə 1 ehtiyat sayıcı məntəqəsi fəaliyyət göstərəcək.

Dövlət Statistika Komitəsinin şöbə müdiri  Rəhim Əsgərov bildirib ki, növbəti əhalinin siyahıyaalınması Azərbaycan Respublikası Prezidentinin “2019-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasının keçirilməsi haqqında” 2016-cı il 7 sentyabr tarixli Fərmanına əsasən 2019-cu il oktyabrın 1-dən 10-dək keçiriləcək.

Naxçıvan Muxtar Respublikasında əhalinin siyahıyaalınması üzrə hazırlıq işlərinin görülməsi, onun keçirilməsi, bu sahədə müvafiq nazirlik, komitə, idarə və təşkilatların, şəhər və rayon icra hakimiyyəti orqanlarının fəaliyyətini əlaqələndirmək məqsədilə 2016-cı il 26 dekabr tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən “Naxçıvan Muxtar Respublikasında əhalinin siyahıyaalınmasına yardım komissiyasının yaradılması haqqında” Sərəncam imzalanıb. Müvafiq sərəncamın icrası istiqamətində 2017-ci ildə Naxçıvan Muxtar Respublikasında əhalinin siyahıyaalınmasına yardım komissiyasının iş planı təsdiq edilib. İş planında yerinə yetiriləcək işlər müəyyənləşdirilib, şəhər və rayon icra hakimiyyətlərində əhalinin siyahıyaalınmasına yardım komissiyaları yaradılıb, icraya məsul orqanlara konkret tapşırıqlar verilib.

Sonra siyahıyaalma məntəqələrinin müdirlərinin və müavinlərinin görəcəyi işlər və qarşıda duran vəzifələr barədə slaydlar vasitəsilə məlumat verilib, maarifləndirici söhbət aparılıb. Tədbir iştirakçılarının suallarına da aydınlıq gətirilib.

Qeyd edək ki, muxtar respublikanın bütün rayonlarında bu cür seminarların keçirilməsi nəzərdə tutulub

Turab Hacızadə

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: