Muxtar respublikanın Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin internet saytı yenilənib

204

Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin yeni internet saytı (www.emlak.nakhchivan.az) istifadəyə verilib.

Komitədən NUHÇIXAN-a bildirilib ki, müasir tələblərə cavab verən, yeni dizayn və quruluşda hazırlanmış internet saytı komitənin fəaliyyət istiqamətləri üzrə elektronlaşdırılmış xidmətlərin, tətbiq olunan yeniliklərin daha operativ və dolğun şəkildə istifadəçilərə çatdırılmasını təmin edəcək. Saytın hazırlanması zamanı istifadəçilərin rahatlığını təmin edəcək ən zəruri tələblər nəzərə alınıb, yeni bölmələrin əlavə edilməsi ilə funksionallığı və informasiya yükü artırılıb.

Əsas səhifədə komitə haqqında məlumat, komitənin fəaliyyətini tənzimləyən əsas normativ-hüquqi aktlar, daşınmaz əmlak və torpaq idarəçiliyi sahəsində görülən işlər, muxtar respublikanın siyasi-inzibati xəritəsi, komitənin “Əmlak” informasiya bülleteninin nömrələri yerləşdirilib. Muxtar respublikada keçirilən rəsmi tədbirlər haqqında informasiyaların da saytda yerləşdirilməsi təmin edilib, turizm potensialının təbliği üçün bölmələr ayrılıb. Elanlar bölməsi, sorğu guşəsi, əlaqədar saytlara keçid imkanları yaradılıb.

Vətəndaşlar üçün yaradılan ayrıca bölmədə qəbul qrafiki, komitə tərəfindən göstərilən səyyar xidmətlərin qrafiki, hüquqların dövlət qeydiyyatı üçün tələb olunan sənədlərin siyahısı öz əksini tapıb. Ərizə nömrəsinin daxil edilməsi ilə daşınmaz əmlak obyektləri üzərində hüquqların dövlət qeydiyyatına alınmasına dair müraciətin icra vəziyyətinin öyrənilməsi üçün onlayn xidmət, daşınmaz əmlakla bağlı əməliyyatların aparılması zamanı tələb olunan dövlət rüsumu və xidmət haqqını əvvəlcədən hesablamaq üçün əmlak kalkulyatoru istifadəyə verilib.

“Tədris-İnnovasiya Mərkəzi” bölməsində mərkəz haqqında məlumat və təlim qrafiki yerləşdirilib. Saytda startap layihələrinin qəbulu üçün bölmə də ayrılıb.

İstifadəçilər sayt vasitəsilə təqdim olunan xidmətlərdən yararlanmaqla yanaşı, komitənin fəaliyyətinin müxtəlif istiqamətləri üzrə həyata keçirilən tədbirlər barədə də məlumat əldə edə biləcəklər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: