NUHÇIXAN xəbər verir ki, Kəngərli rayonunda 2019-2020-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar müşavirə keçirilib. Müşavirədə təhsil şöbəsinin müdiri Emil Məmmədxanlı, elektrik şəbəkəsinin direktoru İsmixan Nağıyev, qaz istismarı idarəsinin rəisi Əli Vəliyev mövsümə hazırlıqla bağlı məlumat veriblər.
Sonra rayon icra hakimiyyətinin başçısı Kamal Ələkbərov bildirib ki, bu il də ötən illər kimi payız-qış mövsümünə hazırlıq məsələlərinə diqqət artırılmalı, aid qurumlar tərəfindən müvafiq tədbirlər həyata keçirilməlidir. Rayon elektrik şəbəkəsi elektrik enerjisinin verilməsində fasiləsizliyi təmin etmək üçün bütün işləri görməlidir. Qaz İstismar İdarəsi oktyabr ayının 20-dək qaz təchizatı sistemində texniki baxışı yekunlaşdırmalı, lazım olan müvafiq addımlar atılmalıdır. Təbii qazdan və elektrik enerjisindən qanunsuz istifadə hallarına nəzarət gücləndirilməli, istehlak olunan qazın və elektrik enerjisinin dəyərinin tam həcmdə toplanması təmin edilməlidir.
Bildirilib ki, rayon icra hakimiyyəti cari il noyabr ayının 1-dək bütün qazanxanaların qış mövsümünə hazırlıq işlərini başa çatdırmalı və bu istiqamətdə bütün işlər yerinə yetirilməlidir.
Tibb müəssisələrinin dərman preparatları ilə təminatına nəzarəti gücləndirilməsi, yolların qardan təmizlənməsi üçün texnikaların işlək vəziyyətdə saxlanması və digər sahələrlə bağlı işlərin vaxtında yekunlaşdırılması ilə bağlı aidiyyətı qurumlara konkret tapşırıqlar verilib.
Novruz Məmmədov