NUHÇIXAN xəbər verir ki, Şərur rayonunda 2019-2020-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar müşavirə keçirilib. Keçirilən müşavirədə rayon elektrik şəbəkəsinin direktoru Həbib Məmmədov, Qaz İstismar Sahəsinin rəisi Ələddin Məmmədov və Təhsil şöbəsinin müdir əvəzi Ədalət Əhmədov mövsümə hazırlığın vəziyyəti barədə məlumat veriblər.
Rayon icra hakimiyyətinin başçısı Kamal Cəfərov Naxçıvan Muxtar Respublikası Ali Məclisində “2019-2020-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə” bağlı keçirilən müşavirədə qarşıya qoyulan məsələləri diqqətə çatdırıb. Qeyd olunub ki, elektrik şəbəkəsi tərəfindən elektrik xətlərində və transformator yarımstansiyalarında əsaslı və cari təmir işləri aparılmalıdır. Transformator və yarımstansiyaların texniki baxışdan keçirilməsi oktyabrın 20-dək başa çatdırılmalıdır. Qəza-bərpa briqadalarının komplektləşdirilməsi isə noyabr ayınadək yekunlaşdırılmalıdır. Qaz İstismar İdarəsi tərəfindən nasazlıqlar vaxtında aradan qaldırılmalı, sayğacdankənar istifadə hallarının qarşısının alınması üçün tədbirlər davam etdirilməli, qazanxanaların fasiləsiz işinin təmin edilməsi üçün müvafiq tədbirlər görməlidir.
Həmçinin marşrut, avtobus və mikroavtobusların qrafikə uyğun hərəkəti və nəqliyyat vasitələrinin texniki sazlığına nəzarət gücləndirilməlidir. Mənzil İstismar Sahəsi tərəfindən yaşayış binalarının qapı və pəncərələrinin, istilik sistemlərinin istismar üçün yararlılığı yoxlanılaraq payız-qış mövsümü üçün hazır vəziyyətə gətirilməlidir. Həmçinin Kommunal Müəssisələr Kombinatı tərkibindəki kommunal təyinatlı texnikaların saz vəziyyətdə saxlanılmasına diqqəti artırmalıdır. Mövsüm ərzində tələbatdan artıq istehsal olunmuş kənd təsərrüfatı məhsullarının soyuducu anbarlara tədarükünə nəzarət artırılmalı, heyvandarlıq, quşçuluq və arıçılıq təsərrüfatlarının qışlamaya hazırlanması üçün maarifləndirmə tədbirləri görülməli, dərman vasitələrinin ehtiyatının yaradılmasına diqqət gücləndirilməlidir.
Cavid Səfərli