“Nüvə qaçaqmalçılığının aşkarlanması və qarşısının alınması” mövzusunda təlim keçirilir - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının Naxçıvan, Culfa, Şahtaxtı və Sədərək sərhəd nəzarəti məntəqələrində fəaliyyət göstərən hərbi qulluqçuları üçün sentyabrın 17-dək “Nüvə qaçaqmalçılığının aşkarlanması və qarşısının alınması” mövzusunda təlim keçiriləcək. Təlimi “Bakı Konsaltinq Qrup-2011” şirkətinin mütəxəssisləri aparır.
Şahtaxtı Gömrük İdarəsində keçirilən təlimdə mütəxəssislər sərhəd nəzarəti məntəqələrində quraşdırılan mobil və stasionar radiasiya aşkar edən cihazların iş prinsipi, təyinatı, ilkin və ikinci nəzarət zamanı qabaqlayıcı tədbirlərin hansı formada görülməsi, yeni istifadəyə verilən avadanlıqların texniki xüsusiyyətləri, həmçinin radiasiya mənbəyinin aşkar olunması və tərkibinin öyrənilməsi barədə məlumatları sərhədçilərin diqqətinə çatdırıblar.
Təlimin əsas məqsədi hərbi qulluqçuların peşə hazırlığının yüksəldilməsi və təkmilləşdirilməsindən ibarətdir. Təlimin sonunda bütün hərbi qulluqçular və buraxılış məntəqələri yeni istifadəyə verilən RadSeeker avadanlığı ilə təmin olunacaq və onların istifadə qaydası üçün metodiki vəsaitlər, broşürlar paylanacaq.
Qeyd edək ki, sərhəd nəzarəti məntəqələrində portal radiasiya monitorlarının əsas vəzifəsi ölkə ərazisinə radiasiya mənbəyinin daxil olmasının və nüvə qaçaqmalçılığının qarşısını almaqdan ibarətdir.
Röyal Kərimov