NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən bu il avqustun 14-dən sentyabrın 4-dək keçirilən imtahanlarda müvafiq keçid balını toplayaraq işə qəbul edilən gənc müəllimlərlə görüş keçirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov gənclərin muxtar respublikamızın həyatında mühüm rol oynadığını qeyd edib və həyata keçirilən təhsil quruculuğundan danışıb.
Qeyd olunub ki, bu il avqustun 14-dən sentyabrın 4-dək keçirilmiş test imtahanlarının nəticələrinə əsasən 95 müəllim işlə təmin olunur. Onlardan 41-i ucqar dağ kəndində yerləşən ümumtəhsil məktəbini seçib.
Təhsil naziri yeni dərs ili münasibətilə gənc müəllimləri təbrik edib, onlara uğurlar arzulayıb. Rəhman Məmmədov muxtar respublikada təhsilə göstərdiyi diqqət və qayğıya, yaradılan yüksək tədris şəraitinə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə dərin minnətdarlığını bildirib.
Tədbirdə gənc müəllimlər adından çıxış edən Fatma Kərimova muxtar respublikada həyata keçirilən uğurlu təhsil siyasətindən, müəllimlərə göstərilən yüksək dövlət qayğısından danışıb.
Sonra Təhsil Nazirliyi tərəfindən gənc müəllimlərə metodiki vəsaitlər və “Pedaqoji fikir tarixindən” kitabı hədiyyə olunub.
Qeyd edək ki, bu gündən müəllimlərin 3 günlük seminarına start verilib. Seminar müddətində gənc pedaqoqlarla müəllim peşəsinin xüsusiyyətləri, etik davranış qaydaları, fənnin tədrisi, məktəb sənədlərinin işlənməsi üsulları və digər mövzularda müzakirələr aparılacaq.
Turab Hacızadə