Şahbuz rayonunda qışa hazırlıqla bağlı müşavirə keçirilib

A- A A+

NUHÇIXAN xəbər verir ki, 2019-2020-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə bağlı  Şahbuz Rayоn İcra Hakimiyyətində müşavirə keçirilib.

Müşavirədə rayоn  elеktrik şəbəkəsinin direktoru Elman İsmayılov, rayоn qaz istismarı  idarəsının rəisi Cilovxan Əliyev mövsümə hazırlıqla bağlı  məlumat veriblər.

Rayon icra hakimiyyətinin başçısı Rəfael Babayev bildirib ki, rayonda aparılan abadlıq-quruculuq tədbirlərində bütün sahələrlə yanaşı, əhalinin qış aylarında rahatlığının təmin еdilməsi üçün də lazımi şərait yaradılıb.         

Qeyd olunub ki, qarşıdan gələn payız-qış mövsümünə hazırlıqla əlaqədar müasir istilik sistеmi ilə qızdırılacaq təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin binalarında qazanхanalara baхış keçirilib. İctimai yaşayış binalarının bütün kоmmunikasiya хətlərində  nasazlıqların aradan qaldırılması üçün müvafiq işlərə başlanılıb.

İcra başçısı bildirib ki, rayonda 24 yaşayış məntəqəsindən 23-nün yolu əsaslı təmir edilərək yenidən qurulub, asfalt örtük salınıb.  Türkeş kənd  yolunda isə son tamamlama işləri aparılır. Payız-qış mövsümünə hazırlıqla əlaqədər olaraq yol təmir istismar idarəsinin balansında olan texnikalar təmir olunaraq hazır vəziyyətə gətirilib.

Elektrik təsərrüfatının payız-qış mövsümünə hazırlanması məqsədilə xətlərə baxış keçirilib, 22 transformator, 24 keçid, 21 dayaq izolyator təmir olunub.  Əsgərlərin qış mövsümündə lazımi istiliklə təmin edilməsi məqsədilə quru odun tədarük olunaraq hərbi hissələrə təhvil verilib. Payız-qış mövsümündə də əhalinin içməli suya olan tələbatının ödənilməsi məqsədilə Şahbuz şəhərinin və ətraf kəndlərin içməli su təchizatı və kanalizasiya sistemindəki xətlərə baxış keçirilib, lazımi yerlərdə təmir işləri aparılıb.

Rəfael Babayev bildirib ki, rayon elektrik şəbəkəsi elektrik enerjisinin verilişində  fasiləsizliyin təmin edilməsi məqsədilə avadanlıq və qurğuların yenilənməsini davam etdirməli, qış mövsümünə hazırlıqla bağlı transformator və yarımstansiyaların oktyabrın 20-dək texniki baxışdan keçirilməsini başa çatdırmalıdır. Enerji israfçılığının və elektrik enerjisindən qanunsuz istifadə hallarının qarşısının alınması üçün aid orqanlarla birlikdə nəzarət tədbirləri davam etdirilməli, istifadə olunan enerjinin dəyərinin toplanmasının tam təmin olunması diqqətdə saxlanılmalıdır. Rayon Qaz İstismar İdarəsi oktyabr ayının 20-dək qaz təchizatı sistemində texniki baxışı başa çatdırmalı, mövcud nasazlıqların vaxtında aradan qaldırılması üçün müvafiq tədbirlər görməlidir. Yerli icra orqanları və xidmət təşkilatları cari ilin noyabr ayının 1-dək bütün qazanxanaları qış mövsümünə hazır vəziyyətə gətirməli, ictimai yaşayış binalarının giriş qapı və pəncərələrinin, istilik, su və kanali­zasiya xətlərinin istismar üçün yararlılığını yoxlayıb, müvafiq tədbirlər görməlidirlər.

Qış mövsümündə yolların təmizlənməsi üçün kommunal xidmət texnikalarının saz vəziyyətdə saxlanılmasına diqqət artırılmalıdır.

İcra başçısı digər sahələrin payız-qış mövsümünə hazırlığı ilə bağlı idarə və təşkilatlara konkret tapşırıqlar verib.

                                         

                                             Novruz Məmmədov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: